• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2056
— 03.03.2023 20:17

Müjdəli xəbəri gözləyən soydaşlarımız

KepezTV Player

30 illik işğala son qoyularaq Qarabağın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi Qərbi Azərbaycandan olan soydaşlarımızın da ümid çırağını yandırıb. Ələlxüsus da ölkə başçısının "Biz tarixi torpağımız olan Qərbi Azərbaycana dönəcəyik!" müjdəsi bunun real olduğuna şübhə yaratmır. 

İlqar İsmayılov- Qərbi azərbaycanlı: “Qərbi Azərbaycanın Vedi rayonunun Şıxlar kəndindənəm. Babamın, nənəmin, qardaşımın birinin qəbri oradadır. Mən İsmayılov Qasım Məhəmməd oğlunun kiçik övladıyam. Atam əməkdar müəllim olub. Atam 1941-45-ci il müharibəsinin iştirakçısı olub. Atam fəal döyüşçü olduğu üçün o, mənim qanımdadır”.

Goranboyun Qaradağlı kəndində yaşayan İlqar İsmayılov Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. İxtisasca həkim olduğundan yaralılara tibbi xidmət göstərməklə yanaşı, silahı da əlindən buraxmayıb. Zəfər mübarizəmizdə də arxa cəbhədə yaralıların sağalması üçün əlindən gələni edib. Qarabağın azad edilməsi isə doğulduğu Vedi rayonunun Şıxlar kəndinə qayıtmaq ümidini birə-beş artırıb.

İlqar İsmayılov- Qərbi azərbaycanlı: “Bizim rəisimiz Əziz müəllimdir və o, Qərbi Azərbaycana Qayıdış Təşkilatının sədridir. Goranboy rayonu üzrə mənəm və bir yerdə fəaliyyət göstəririk. Hərbidə olan, şəhid olan, qazi olan Qərbi azərbaycanlıları qeydiyyata alırıq. Qərbi Azərbaycandan gələnlərin ürəyi ora ilə döyünür. Ana vətən, torpaq çəkir. Əlbəttə biz sevinirik, inanırıq və oraya qayıtmaq istəyirik, qayıdacağıq. İnşallah, prezidentin qərarına dəstəyik və dəstək də olacağıq, qayıdacağıq”.

Erməni zülmündən can qurtaranlar başlarına gətirilən müsibətləri də unutmur. Üstündən 35 il keçməsinə baxmayaraq didərgin salındıqları günləri, yaşadıqları çətinlikləri hər dəm xatırlayırlar. Amma haqqa, ədalətə sığındıqlarından, inamları sonsuz olduğundan edilən duaların reallaşacağına bir gün belə tərəddüd etməyiblər. 

Elbəyi Manafov- Qərbi azərbaycanlı: “Bütün Qərbi azərbaycanlılar kimi tarixən bütün deportasiyalara bizim nəslimiz də məruz qalıbdır. 1948-ci ildə atamgili Füzulu rayonuna köçürülüblər. 1953-cü ildə biz yenə öz yerimizə qayıtmışıq. Mən Araz çayının qırağında, Ağrı dağının ətəyində doğulmuşam. Bizim Reyhanlı kəndi orada yerləşir. Ermənilər orada insanlığa sığışmayan hər bir şeyi ediblər. Orada yaşamaq, oraya qayıtmaq istərdim. Ora qayıtmaq hər bir Qərbi azərbaycanlının ürəyincədir”.

Abdal Hüseynov- Qərbi azərbaycanlı: “Prezidentimiz çox böyük işlər görür. Sevincimizin həddi-hüdudu yoxdur ki, vətənimizə qayıdacağıq. Orada anadan olmuşam. Babalarım, dayılarım, əmilərim hamısı orada dəfn olunubdur. Ora vətənimdir, oranın da həsrəti ilə yaşayıram”.

Aqil Əhmədov- Qərbi azərbaycanlı: “Doğrudan da o torpaqları ermənilərə buraxmaq olmaz. Mümkün deyil, bunu bizə dədə-babalarımızın ruhu bağışlamaz. Dədə-baba torpaqlarımıza biz sahib çıxacağıq. Bu, mənim üçün sevindirici bir xəbər oldu. Bütün Qərbi azərbaycanlılar bu xəbəri sevinc hissi ilə qarşıladılar”.

Qərbi azərbaycanlıların 35 illik yurd həsrətinin bitməsinə elə də çox qalmayıb. Aparılan dövlət siyasəti böyük qayıdışın tərkib hissəsi olan Şərqi Zəngəzur torpaqlarına da geridönüşü mütləq edəcək.   

Elnur Vahidoğlu