• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 14.02.2023 12:35

Xilasedicilərimiz dağıntılar altında 198 saat qalan 2 qardaşı xilas ediblər

KepezTV Player

Azərbaycanlı xilasedicilər Türkiyədə zəlzələ sonrası dağıntılar altında 198 saat qalan 2 qardaşı xilas ediblər. Türkiyədə zəlzələ zonasında axtarış-xilasetmə əməliyyatlarında Azərbaycan da daxil olmaqla, 80 ölkədən 9247 xilasedici iştirak edir. Daha beş ölkədən də belə qrupların gəlməsi gözlənilir. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təbii fəlakətdən sonra Ankaraya 100 ölkə yardım təklif edib.
Adanada axtarış-xilasetmə işləri başa çatıb. Bölgədə dağıntılar altından 34 vətəndaş çıxarılıb, 418 nəfər isə həlak olub. Hatayda xilasedicilər 182 saat sonra dağıntılar altında qalan 13 yaşlı Kaanı xilas ediblər. Kahramanmaraşda isə 10 yaşlı Ayça zəlzələdən 185 saat sonra çöküntülər altından sağ çıxarılıb. Xilas edilən uşağın xəstəxanaya aparıldığı bildirilib. Kahramanmaraşda 39 yaşlı Xədicə Akan isə zəlzələdən 180 saat sonra sağ tapılıb. Dağıntılar altından çıxarılarkən xilasedicilərə çox üşüdüyünü deyərək onlardan üstünü örtməyi xahiş edən qadın xəstəxanaya aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 
Azərbaycan xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki də sağ xilas olunub. Xilasedicilərimiz əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə aparırlar. Xüsusi təlim keçmiş itlər 15 nəfəri dağıntılar altında aşkarlayıb, uçqunlar altında 27 meyit tapıb. Qaziantep vilayətinin Nurdağı şəhərində də xilasetmə işləri davam edir. Şəhərin tamamilə söküləcəyi və yenidən tikiləcəyi açıqlanıb. Zəlzələyə qədər orada 40 min insan yaşayıb. Adıyamanda isə uçan çox sayda binanı tikən 2 nəfər – Yavuz Karakuş və Sevilay Karakuş İstanbulda saxlanılıb.
Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi zəlzələ bölgəsində 33 min 143 binada 153 min 506 mənzilin təcili sökülməsinə ehtiyac olduğunu qeyd edib.