• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 11.02.2023 20:25

Kədəriniz kədərimizdir, Türkiyə!

KepezTV Player

Bəzi görüntülər var. Hansı ki, gördüyümüz zaman bizi dərindən yaralayan və silinməyəcək izlər buraxan. Artıq son bir neçə gündür ki, hər birimizin qabağına belə görüntülər olduqca çox çıxır. Söhbət hər kəsi dərin kədərə boğan həmin o hadisədən gedir. Qardaş ölkənin şəhərlərini saniyələr içində darmadağın edən zəlzələdən.
Son günlər bütün dünyanın ürəyi də, gözü də Türkiyədədir. Əsrin faciəsi adlandırılan zəlzələnin dəhşəti nə sözlərə, nə cümlələrə sığır. Ürəyimizin ağrısı da, yanğısı da elə boğazımızda düyümlənib qalır. Xilasedicilər, dualar, humanitar yardımlar yaraları sarıyır. Amma təbiət öz şıltaqlığı ilə elə bir yara açıb ki, onun yerini heç nə ilə sağaltmaq olmur.

-Zəlzələ üstünə zəlzələnin baş verməsi hərkəsi 2 qat cəhənnəmə sürükləyirdi. Daşların arasından gələn səslər, görünən əllər, ovuc içi qədər umidlərin yaranmasına səbəb olur. Dağıntılar altında anasının saçları ovucunda çıxarılan 20 günlük körpə, ondan daha balaca 10 günlük bir uşaq.... Çəkisi 2-3 kq olan bu balacaların çəkdikləri ölçüyə gələrmi? Ölmüş anasının əlini buraxmamaq üçün ağlayıb “anamı istəyirəm” deyən bu qızcığaz bəs? Onun heç vaxt reallaşmayacaq istəyi qarşısında necə də aciz qalır insanlar. Dərsi çəkisindən böyük balalar, kim bilir tale sizi nə ilə sınayacaq? nə ilə mükafatlandıracaq? Dərdlərin ən dəhşətlisi ilə sınandınız, bundan sonra ürəyinizə qübar düşməsin balalar.

-Hansı birimizin ağlına gələ bilərdi ki, gecəsini minlərlə arzu, diləklər ilə yatan insanlar, səhər gözlərini arzu və diləklərinin üzərində olan daş parçalarıyla açacaq. Ürəyimizin ən dərin yerində sizin üçün dualar edirik, əlimizdən gələn nə var ki? Bəs, dünyanın ən ağır yükünü göstərən o foto... Bir ata dağıntılar altında ölən qızının əlini saatlarla buraxmır. İlahi, bəlkə də o soyuq, o sazaqda ən isti əl idi o atanın əli. Son dəfə balasının barmaqlarına sığal çəkirdi. Bir balaca yerdən əlini çıxardıb yardım istəyən o gənc, 98 saat sonra dağıntılar altından çıxarılıb, o qorxunun içində, anasına gülümsəməyi bacaran oğlan, sizin gözlərinizdə ki, o yaşam istəyini, nəyə dəyişə bilərdik? Bütün bunları izləyərkən dolan gözlərin, titrəyən əllərin qarşısını almaq mümkün deyil. İnsan kimə qəzəblənəcəyini belə bilmir. Kimə qəzəblənəcəkdik axı, təbiətə?

-Dərdini Dərdimiz bildiyimiz Türkiyə, başın sağ olsun. Sən sağ ol, sən güclü ol. Güclü ol ki, qüvvəsini səndən alan övladların yenidən ayağa qalxa bilsinlər, yenidən yaralarını sara bilsinlər. Hə bir də, başın sağ olsun deyirik. Bu ifadənin də anlamı var. Qədim zamanlarda kimsəsi ölən birinə “başın sağalsın” yəni yaranın başı sağalsın, tez yaxşılaşsın deyirlərmişlər. Zamanla bu ifadə “sağ olsun”la əvəzlənib. İndi biz də əminik ki, can Türkiyənin yarası tezliklə sağalacaq....

Alimə Hüseynova