• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 10.02.2023 20:14

Vergi Məcəlləsinə dəyişikliklər biznes və investisiya mühitini daha da yaxşılaşdıracaq

KepezTV Player

Vergi Məcəlləsindəki dəyişikliklər biznes və investisiya mühitini daha da yaxşılaşdıracaq

Bu ildən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklər 5 əsas istiqamət üzrə qruplaşdırılıb. Buna- sosial xarakterli güzəştlər, İnzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, vergi yükünün azaldılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması kimi məqamlar aiddir. 

2023-cü ildən qüvvəyə minən yeniliklər vergi yoxlaması, vergi nəzarəti və maliyyə sanksiyaları, vergi ödəyicilərinə hesabların açılması, fiziki şəxslərlə bağlı, mənfəət vergisi üzrə dəyişiklikləri əhatə edir. 

Elnur Kəsəmənli- 12 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi: “2023-cü il üçün Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri 800 manat məbləğində vergi güzəştinin verilməsi nəzərdə tutulub. Eyni zamanda, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılıb. Belə ki, hazırda 100 manat məbləğində gəlir vergisi üzrə azadolma yalnız bu kateqoriya üzrə şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) münasibətdə tətbiq edilir”.

Sosial xarakterli güzəştlərdən biri də gənclərimizin idmana olan marağının artırılmasını əhatə edir. Belə ki, beynəlxalq yarışlarda pul şəklində idmançılara verilən mükafatın tam dəyərinin 50.000 manatadək hissəsi gəlir vergisindən azad edilir.

Elnur Kəsəmənli- 12 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi: “Vergi Məcəlləsinin bundan əvvəlki redaksiyasında bu məbləğ beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər, rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azad edilir. Edilmiş dəyişikliklərdən biri də nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “ƏDV geri al” layihəsi ilə bağlıdır. Belə ki, nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Bu da ölkədə nağdsız əməlliyyatların genişlənməsi və nağdsız əməliyyatların stimullaşmasına xidmət edir”.

Bundan başqa, edilən dəyişikliklər hibrid avtomobillərinin idxal və satışına tətbiq olunan vergi güzəştinin müddətinin artırılması, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara eyni zamanda, kənd təsərrüfatı sektoruna və aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri, inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyəti olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim edilməməsinə görə tətbiq edilən maliyyə sanksiyalarının ləğvi ilə bağlıdır.

Aişə Rzayeva