• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1785
— 09.02.2023 20:11

Qeyri-qanuni tikilən evlər sökülür

KepezTV Player

Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin əməkdaşları Gəncədə yeni salınan qəsəbədə heç bir sənədi olmayaraq tikilən evlər aşkar edib. Onlara tikintinin qanunsuz olması ilə bağlı dəfələrlə şifahi və rəsmi şəkildə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb. Vətəndaşlar rəsmi şəxslərə sənədlərin hazırlanması ilə bağlı vəd versələr də, nəticədə, heç nə təqdim etməyiblər. Bundan irəli gələrək, Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Yanında Memarlıq və Tikinti şöbəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin, Fövqaladə Hallar Nazirliyinin yerli idarəsinin işçilərinin iştirakı ilə həmin tikililərin sökülməsinə başlanılıb. Ağır texnika və canlı qüvvə vasitəsilə proses icra edilib. 

Bura şəhərin Cavadxan qəsəbəsidir. Qəsəbədə vətəndaş tərəfindən təxminən 4 sot ərazidə ev tikilib. Evin heç bir sənədi də olmadığı üçün həmin tikili sökülür.

Bundan başqa, həmin ərazidə qeyri-qanuni tikilən və heç bir icazə sənədi olmayan əlavə tikililər də aşkar edilib. Vətəndaşlar tikintiyə icazə ilə bağlı hər hansı sənəd təqdim edə bilmədiklərində hasarlarının sökülməsinə qərar verilib.

Fərid Nadir- Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi: “Qeyd olunan torpaq sahələri Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin balansında olan dövlət torpaqlarıdır. Həmin torpaq sahələri dövlət mülkiyyətinə aiddir və xüsusi qorunur. Qeyd olunan ərazidə vətəndaşlara qeyri-qanuni tikinti işlərinin aparılması ilə bağlı xəbərdarlıq edilsə də vətəndaşlar buna məhəl qoymayaraq həmin tikinti işlərini davam etdiriblər. Bu səbəbdən də həmin tikintilər sökülmüşdür”.

Həmin ərazidə təxminən 20-yə yaxın sənədi olmayan və tikintisi aparılan evlər müəyyən edilib. Müvafiq qurumların əməkdaşları ilə tikinti sahibləri arasında işlərin dayandırılması ilə bağlı söhbətlər aparılıb. Nəticələr əldə edilməsə, onların da sökülməsinə qərar veriləcək.

Elnur Vahidoğlu