• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2174
— 07.02.2023 12:01

Skolioz nədir?

KepezTV Player

Skolioz onurğa sütununun sağ və ya sol yana əyilməsi ilə xarakterizə olunan deformasiyasıdır. Bu halda gövdə hissəsi “S” ya da “C” formasını alır. Onurğa əyri olduqda isə fəqərələr fırlanır. Vaxtında müalicə olunmayan bədən deformasiyası ürək, ağciyər və s. orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər. Ona görə də, həkimlərin məsləhətilə vaxtında müalicə olunmaqla xəstəliyin get-gedə daha da irəliləməsinin qarşısını ala bilərsiniz. Mütəxəssislərin fikrinə görə, skoliozu müalicə üsullarından biri də üzgüçülükdür.

Skolioz araşdırma cəmiyyətinə görə, problemi yaşayan şəxslərin təxminən 80 %-ində hər hansı bir səbəb təyin edilə bilmir. Doğuş qüsurları, nevroloji anormallıqlar və genetik qüsurlar skoliozda müəyyənləşdirilən ümumi səbəblər kimi göstərilir. Habelə, idiopatik, degenerativ, anadangəlmə, sinir-əzələ xəstəlikləri, torakogen və sindromik kimi müxtəlif növləri vardır. Qeyd etdiyimiz skolioz növlərinə daha çox 3, 10, 18 yaş arası uşaqlarda rast gəlinir. Onu da bildirmək lazımdır ki, anadangəlmə yaranan skoliozda onurğa beyni, ürək və böyrəkdə anormallıqlar müşahidə edilə bilər. Həmçinin həkimlərin bu xəstəlikdən əziyyət çəkənlərə məsləhət gördüyü digər müalicə metodlarını, korset və cərrahi üsulu da diqqətdən qaçırmamaq lazımdır.

Skolioz dərəcəsi yüngül olan və yaranma mənşəyi bilinməyən idiopatik skoliozlu xəstələrdə tərcih edilən ilkin müalicə metodu müşahidədir. Xəstəyə 4-6 ay ərzində kontrol müayinəyə gəlmək məsləhət görülür. Bunula yanaşı idman hərəkətləri, fizioterapiya, üzmək və s. məsləhət görülür. Orta dərəcəli skoliozlarda (10-15 yaş) individual korset, fizioterapiya və idman hərəkətləri məsləhət görülür.

Əyrilik bucağı 20-40 dərəcə olan yeniyetmə dövründə olan xəstələrə tətbiq edilən müalicə metodudur. Nizamlı olaraq gün ərzində 16-20 saat korset taxılması gələcəkdə əməliyyat riskini azaldır. Anadangəlmə skoliozlarda korset məsləhət görülmür. Çünki bu skoliozlar, sərt, elastik olmayan əyriliklərdir. Bunlarda korset istifadəsi dəri yaralanmalarına, döş qəfəsi deformasiyalarına, ağciyər funksiyasının pozulmasına səbəb ola bilər.

Proqressiya ehtimalı yüksək olan və təqib dövründə əyriliyin artdığı, korset müalicəsinin müvəffəq olmadığı hallarda cərrahi müalicə ən geniş yayılmış müalicə üsuludur.

Anadangəlmə və sindromik ağır skoliozlarda mütləq cərrahi müalicə aparılmalıdır. Anadangəlmə skoliozun erkən diaqnozu baxımından son dərəcə diqqətli olmalıdırlar. Ailələr körpənin boynunda, belində  hər hansı bir fərqlilik olduğunu görən kimi həkimə müraciət etməlidirlər. Erkən dövrdə əməliyyat edilən anadangəlmə skoliozun nəticəsi daha yaxşı olur.

"Cərrahi müalicədə ən muasir metodlar istifadə edirik. Transpedikulyar vintləmə ilə skolioz hər 3 müstəvidə düzəldilir. Əməliyyat zamanı Neyromonitorizasiya istifadə edirik ki, bu da fəsadların qarşısını alır. Əməliyyatdan 1 ay sonra xəstələr normal həyat və iş fəaliyyətinə qayıdır. Əməliyyat sonrasında önə doğru əyilə bilir, yerə düşmüş əşyaları götürə bilirlər. Qadın xəstələrimiz əməliyyatdan sonra hamilə qala və ana ola bilərlər. Bunda heç bir məhdudiyyət yoxdur".

Skolioz xəstəliyi zamanı onurğa yana əyilir və öz oxu ətrafında burulur. Onurğa yana əyilirsə, bu, ilk öncə təbii görünən deformasiya kimi özünü biruzə verir. Lakin, valideynlər bu əyriliyi xəstəliyin inkişaf etmiş mərhələsində müəyyən edə bilirlər. Skolioz xəstəliyinin inkişaf etmiş mərhələsi əyrilik qüsuru ilə yanaşı, daxili orqanların sıxılmasına və normal fəaliyyətində problemlər yarada bilər.

Ona görə bu xəstəliyin erkən diaqnostikasına çox diqqət yetirilməlidir. Skoliozun müxtəlif növləri var. Bunlara kongenital, neyromuskulyar və idiopatik aiddir. Kongenital skolioz anadangəlmə olaraq çox vaxt onurğa fəqərələrinin müxtəlif qüsurları ilə bağlı olur. Nevromuskulyar skolioz bəzi nevroloji xəstəliklər zamanı yaranır. Lakin, skoliozun bu növünə nadior hallarda rast gəlinir. Ən çox yayılmış və rast gəlinən növ idiopatikdir. Yəni dəqiq səbəbi bilinməyən əyrilik.

Müxtəlif faktorlar skoliozun inkişafına səbəb ola bilər. Buna ilk öncə düz olmayan qaməti misal göstərə bilərik. İdiopatik skolioz ən çox 10-18 yaş arası olan insanlarda  müəyyən edilir. Çox zaman bu xəstəliyin inkişafı gizli gedir. Skolioz xəstəliyi ilkin mərhələdə deformasiyadan başqa bir problem yaratmadığı üçün bu xəstəliyi bəzən 3-4-cü mərhələlərdə aşkar oluna bilər.

Skoliozun inkişaf etmiş mərhələlərində döş qəfəsinin kobud deformasiyaları, ağciyər və ürəyin döş qəfəsdə sıxılması, bir ayağın qısalması və digər fəsadlar ola bilər. Ona görə skolioz xəstəliyinin erkən diaqnostikası vacibdir. Skoliozun erkən mərhələdə əməliyyatsız müalicə etmək mümkündür. Xəstəliyin gecikmiş mərhələlərində əməliyyat isə tələb olunur. Əməliyyat mürəkkəb və travmatik olduğuna görə mümkün qədər əməliyyatsız müalicə imkanlarından istifadə etmək lazımdır.