• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 06.02.2023 20:33

İdman Sarayı ilin sonunda istifadəyə veriləcək

KepezTV Player

Əzəmətinə, böyüklüyünə, imkanlarına görə regionun, hətta Cənubi Qafqazın ən böyük idman qurğusu. Söhbət, Gəncə İdman Sarayından gedir. 5 ilə yaxındır ki, inşası davam edən sarayda, artıq tikintinin son mərhələsi gedir.

İdman sarayının ərazisi 1 hektardan çoxdur. İki mərtəbədən ibarət binada məşqlər və yarışlar, anbar və restoran üçün ikimərtəbəli zirzəmi də tikilib. İşlərin böyük qismi yerinə yetirilib, dəmir-beton konstruksiya və hörgü demək olar ki, tamamlanıb. Hazırda binada fəaliyyət göstərəcək hotelin fasad hissəsinə şüşə vurulur. Elektrik, havalandırma sistemlərinin qurulması, kafel-metlaq və suvaq işləri görülür.

İdman sarayında beynəlxalq yarışların və təlim-məşqlərin təşkil edilməsi üçün hər cür şərait yaradılır. Burada olimpiya və qeyri-olimpiya idman növləri üzrə müxtəlif turnirlər, dünya və Avropa çempionatları da keçirmək mümkün olacaq. Müxtəlif təyinatlı zallarda 12-dən çox idman növü ilə məşğul olmaq mümkündür.

Bura idman sarayının ən böyük zalı hesab olunur. Top oyunları üçün nəzərdə tutulan bu zalda cüdo, boks və digər idman növləri üçün dünya və Avropa çempionatlarının keçirilməsinə imkan var. Həmçinin eyni anda 3000-ə yaxın azarkeş də yarışları bu zaldan izləyə biləcək. Sözügedən məkanda VİP qonaqlar üçün xüsusi tribunalar, media üçün yerlər də inşa edilib.

Bura isə idman qurğusunun üzgüçülük zalıdır. Burada beynəlxalq standartlara cavab verən üzgüçülük hovuzu fəaliyyət göstərəcək. Həmçinin, bu zalın aşağısında, yəni zirzəminin 1-ci mərtəbəsində atıcılıq üçün məşqlərin və yarışların keçiriləməsi üçün zal da olacaq.

Üzgüçülük zalı 1410 yerlik tamaşaçı tutumuna malik olacaq. Bu zalda da VİP sektor və KİV üçün zona yaradılıb. Sarayda qonaqlar və idmançıların istirahət etməsi üçün boulinq zalı və digər əyləncəli oyunlar üçün məkanlar nəzərdə tutulub. Hotel və restoranların da xidmət göstərəcəyi idman sarayının tikintisinin bitmə tarixinə gəlincə...

Görülən işlərlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da tanış olub. Binanın daxili tərtibatı və quraşdırılacaq avadanlıqların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Şəhər rəhbəri aidiyyatı üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.