• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 03.02.2023 10:12

Prezidentlərin görüşü olub

KepezTV Player

Azərbaycana rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannis ilə Prezident İlham Əliyevin təkbətək görüşü olub. 

Prezidentlərin geniş tərkibdə də görüşü keçirilib. İkitərəfli gündəliyinin geniş əhatəli məsələləri ilə bağlı çox yaxşı müzakirələr apardıqlarını və əlaqələrin strateji əhəmiyyətini təsdiqlədiklərini deyən dövlət başçımız Buxarestdə imzalanmış sənədin yeni perspektivlər açdığını bildirib.

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Bunu Prezident İlham Əliyev  Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı ticarət dövriyyəsinin iki dəfədən çox artmasına baxmayaraq hələ ki, istəyə uyğun olmadığını və ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımların atılacağını qeyd edib. 

Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatında vurğulayıb ki, ölkəsi ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. "Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq" - deyə Klaus Yohannis əlavə edib.