• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 24.01.2023 20:10

Qəzalı binanın qaz problemi çətin vəziyyət yaradıb

KepezTV Player

Gəncənin Əziz Nəzərov küçəsində yerləşən 6 saylı yataqxana binasının sakinləri illərdir qaz üzünə həsrətdir. Ötən əsrin 60-cı illərində 3 nömrəli Təmir-tikinti tresti tərəfindən işçilərin istifadəsinə verilən binada, bugünədək qaz xəttinin layihəsi belə olmayıb. Qaynar xəttimizə daxil olan müraciət əsasında əməkdaşlarımız ünvana yollanıb, sakinlərin problemlərini dinləyib. Qazın olub-olmayacağı barədə indi siz də məlumatlı olacaqsınız.

Kəlbəcərdən olan məcburi köçkünlər tezliklə öz yurdlarına qayıtmaq istəyirlər. Bu arzu ilə Gəncədə yataqxana binasında məskunlaşanlar da var. Əziz Nəzərov küçəsində yerləşən 6 saylı binada yaşayanlar bunun mümkün qədər tez olmasını həm də yaşayışlarının ürəkaçan olmaması ilə əlaqələndirirlər. Qəzalı binada, üstəlik qazdan da istifadə etmək imkanının olmaması əsasən də soyuq qız fəslində həyatı dözülməz edir.

Ümumiyyətlə istismarda olduğu 60 ilə yaxın müddətdə qaz xətti çəkilməyən binada məişətdə və istilik məqsədilə qaz balonlarından istifadə edilir. Şəhid ailələri və qazilərin də yaşadığı binada odun və elektrik enerjisindən də yararlanırlar ki, ki, bu da həm təhlükə yaradır, həm əziyyətlidir, həm də maddiyyat sarıdan əlverişli deyil..

Sakinlərin qazın istisinə isinəcəkləri ümidi ilə yollandıq Gəncə Regional Qaz İstismar İdarəsinə. Qurumdan müsahib verəcək şəxs tapılmadığından şifahi olaraq bildirildi ki, bina qəzalı olduğundan qazlaşdırılması texniki normalara uyğun deyil. Qəzalı deyilən binanın təmiri və sökülərək yenilənəcəyi ilə maraqlanmaq üçün üz tutduq Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinə. Oradan isə qeyd edildi ki, binada müəyyən vaxtlarda cari təmir işləri aparılıb, dam örtüyü yenilənib. O ki, qaldı binanın qəzalı vəziyyətinə, buna FHN-nin tikintiyə nəzarət idarəsinin ekspertiza şöbəsi rəy verə bilər. Digər tərəfdən isə qəzalı vəziyyətdə olan binalarda yaşanlar üçün Gəncədə binaların tikintisi yekunlaşdıqdan sonra sakinlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır. Görünən odur ki, binanın qazlaşdırılması planlaşdırılmır və sakinlərin yeni evlərlə nə vaxt təmin ediləcəyi də dəqiq bilinmir. Odur ki, qazsız binada yaşamaq məcburiyyəti hələ davam edəcək.

Nərgiz Əhmədqızı