• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 19.01.2023 20:41

Su üzünə həsrət qalanların problemi

KepezTV Player

İndi təqdim edəcəyimiz sujet isə su problemi ilə bağlıdır. Bu dəfə sakinlərin müraciəti əsasında əməkdaşlarımız Şəmkir rayonuna yollanıblar və narazılığı yerindəcə işıqlandırmağa çalışıblar.

Şəmkir rayonun Kraz yolu yaşayış massivində məskunlaşanlar uzun illərdir susuzluqdan əziyyət çəkirlər. 600-ə yaxın evdə yaşayan 2000-dən çox əhali dərdlərini dilə gətirmək üçün Kəpəz TV-ə müraciət ediblər. Ərazinin yeni salındığı söylənsə də elə ailələr var ki 15, hətta 25 ildir burada yaşayır, di gəl ki suya həsrətdirlər. İnsanlar ancaq fərdi qaydada pul verməklə maşınlarla su gətizdirərək təlabatları ödəyirlər.

Yaşayış massivində su problemi o həddə çatıb ki, su maşını görən sakinlər onun ətrafına axışaraq evə bir vedrə su aparmaq üçün sıraya girirlər.

Əllərinə keçən su qablarını doldurmaq üçün yarışa girən insanların dediyinə görə hətta yağış yağarkən damlardan süzülən suları toplayaraq məişətdə istifadə edirlər. Su sarıdan əlacsız qalan əhali çənlərini doldurmaq üçün ay ərzində 3 dəfə və daha çox su maşını çağırmaq  məcburiyyətində qalırlar. Bu da 90-120 manata başa gəlir.

Suyun olmaması təkcə çətinliyə səbəb olmur, həm də bir sıra xəstəliklər yaradır. Su uzun müddət çənlərdə qaldığına görə istifadə edilərkən sağlamlıq üçün təhlükəyə çevrilir.

Əsasən gənc ailələrin məskunlaşdığı yaşayış massivində imtiyazlı təbəqədən olan şəhid ailələri, qazilər və müharibə veteranları da çoxluq təşkil edir.

Məsələ il əlaqədar aidiyyatı üzrə Azərsu-ya müraciət etdik və aldığımız cavab heç də sakinlər üçün ürəkaçan deyil.

Deməli rayon mərkəzindən bir neçə kilometr uzaqda yerləşən Kraz yolu yaşayış massivində yaşayanlar hələ bir neçə il də su problemi ilə üz-üzə qalmalı olacaqlar. Bu isə qeyri-müəyyən vaxta aydınlıqdan kənarda qalmaq anlamı verir. Nəzərə alsaq ki, ərazidə yaşayanların su ilə yanaşı yol, məktəb və internetlə bağlı problemləri də onda yaşayış tərzini təsəvvür etmək lə də çətin deyil. Müasir dövrdə sevilizasiyadan kənar qalanların işi indi qalıb Allaha.