• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 17.01.2023 20:15

Yeni tədris ilinə 2 məktəb yenilənəcək

KepezTV Player

Gəncədə mərhələli şəkildə 5 yeni məktəbin inşası nəzərdə tutulur ki, bununla da şəhərdə təmirsiz təhsil ocağı qalmayacaq. Yeni tədris ilinə kimi isə 2 məktəb təmir və tikintidən sonra müəllimlərin və şagirdlərin istifadəsində olacaq.
Gəncədə təmirə dayanan məktəb 11 N-lidir. Nizami Gəncəvi adını daşıyan təhsil ocağı istifadədə olduğu 60 ildən artıq müddətdə bir dəfə də olsun əsaslı şəkildə yenilənməyib. Aşındığında təmirinə qərar verilən məktəbdə ötən ilin dekabrında yenidənqurma işlərinə başlanılıb. 4 mərtəbədən ibarət bina, eləcə də idman və akt zallarında suvağa hazırlıq işləri aparılır.
960 şagird yerlik, 40 sinif otağı və yardımçı kabinetlərdən ibarət olacaq məktəbdə dərslərin keçirilməsi üçün müasir imkanlar yaradılacaq. həyətdə əlavə idman meydançaları salınacaq.
Məktəbin binasında təmir bərpa işləri başa çatdıqdan sonra 2 ədəd 100 və 150 kubluq su hovuzu da inşa ediləcək. Bundan başqa həyətdə transfarmator və qazanxana üçün yeni binalar tikiləcək.
Şəhərdə Vətən müharibəsi zamanı zərər görən 29 nömrəli məktəb üçün isə yeni bina tikilir. 3 mərtəbədən ibarət 4 korpuslu təhsil ocağı 960 yerlik olacaq. Hazırda binanın üçüncü mərtəbəsində hörgü işləri gedir. Məktəbdə keyfiyyətli tədris üçün hər cür şərait yaradılacaq, idman meydançası salınacaq, su hovuzu inşa ediləcək və istilik sistemi quraşdırılacaq.
Gəncədə təmirsiz məktəblərin qalmaması üçün fəaliyyət planı hazırlanıb. Sadalanan bu iki məktəblə yanaşı daha 5 təhsil ocağının təmir-tikintisi ilə məsələnin həlli hədəflənib.
Həm 11, həm də 29 nömrəli məktəblərin bilik günündə istifadə verilməsi nəzərdə tutulur. Bununla da daha 2 minə yaxın şagirdin keyfiyyətli təhsil almaları mümkün olacaq. 

Elnur Vahidoğlu