• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 29.12.2022 12:51

Yeni ildən gözləntilərimiz

KepezTV Player

Hər Yeni ili gözləntilərimiz və arzularımızla qarşılayırıq. Bu ildə hədəflər və gözləntilər, əslində, dəyişiklik arzusudur. Yeni il bir mərhələdir, il dəyişdikcə hər şeyi dəyişmək üçün bir ərəfəyə çevrilir. Bu il Azərbaycanın tarixi taleyində ən sevimli il olub. Düşmən üzərində qələbədən sonra artıq 2 ildir ki, azad olunan ərazilərimizdə  abadlıq işləri gedir. 2022-ci ildə bu mövzu ilə bağlı prezidentimizin çox saylı sərancamları oldu. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması , hər bir bölgənin minalardan, partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu cəhətdən bu ili tariximizin hər hansı ili ilə müqayisə etmək olmaz.Bəs, görəsən, insanların gələn ildən gözləntiləri nələrdir? 

“Yeni ildən gözləntiləriniz nədir ?”
Yeni ilin yaxınlaşması nə qədər sevindirici olsa da, insanları kədərləndirən məqamlar da var. İlin sonu yaxınlaşan kimi, bu bir il ərzində qarşımıza qoyduğumuz məqsədləri, gerçəkləşdirə bilmədiyimiz planlarımızı xatırlayırıq. Bir şeyi unutmamalıyıq ki, yeni illə köhnə il sadəcə olaraq saatlarla bir-birindən ayrılır. Əgər uzun müddət köhnə ilin yasını tutsaq, yeni ilin də necə gəlib - necə getdiyindən xəbərimiz olmaz. Yarımçıq qalmış bütün işləri yeni ildə də davam etdirmək mümkündür. Geriyə dönüb baxarkən özüylə qürur duyan insan yeni ildən yeni ümidlər gözləyir. Qarşımıza gələcəklə bağlı məqsəd və gözləntilər qoyuruq. Ümumiyyətlə, zaman Eynşteynin sübut etdiyi kimi, sadəcə, bir xülyadır. Arzularınıza çatmaq, hədəflərinizi gerçəkləşdirmək üçün zamana ehtiyacınız yoxdur. Yeni ildə inancınızı  gücləndirməniz  və xoşbəxt olmanız  diləkləriylə.

 

Lalə Bağırova