• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 28.12.2022 20:05

İran getdikcə daha dərin böhranla üz-üzə qalır

KepezTV Player

İranda etiraz aksiyaları 4 aydır ki, davam edir. Təbriz, Tehran, Kərəc, Məşhəd, Babol, İsfahan, Xorasan, Əhvaz, Mahabad və bir sıra şəhərlərdə xalq hələ də küçələrdə, meydanlardadır. Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” kimi şüarlar səsləndirilir.

Nümayişlər zamanı İran hakimiyyətinin simvolları, o cümlədən Əli Xameneyi və Qasım Süleymaninin banerləri yandırılır. Hökumət simvollara hörmətsizliyin qarşısının alınması üçün bütün şəhərlərdə banerlərin təmizlənməsi kampaniyasına başlayıb.

Buna baxmayaraq küçələrdə Xameneyiyə qarşı şüarlara tez-tez rast gəlinir. Bu kadrlarda da Xorasan əyalətində qız şagirdlərin dini liderə qarşı şüarlar yazdıqları görünür.

Molla respublikasında tətil keçirən müəssisələr sırasına Abadan neft-kimya şirkəti də qoşulub. Tətilin əhatə dairəsi genişləndiyindən müəssisənin fəaliyyəti tamamilə dayanıb. Abadan neft-kimya şirkətinin bir sıra işçiləri əvvəlki etiraz aksiyalarında iştirak etdiklərinə görə məmurların təhdidi ilə üzləşiblər.

Təbrizdə Cəmaran mənzil kooperativ şirkətinin üzvləri də etiraz aksiyası keçiriblər.

Tehranın Vəliəsr bölgəsində baş tutan aksiyada qadın etirazçılar SEPAH-a bağlı yarım hərbi Bəsic qüvvələrinin yerli qərargahına molotof kokteyli ataraq yandırıblar.

Soyuqbulaq şəhərində hökumət qüvvələrinin öldürdüyü şəxslərin 40 mərasimindən sonra onların yaxınları repressiv hökumətə qarşı etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları "Xameneyiyə ölüm!”, “Diktatora ölüm!" şüarları səsləndiriblər.

Hökumət qüvvələri tərəfindən öldürülən gənc qız Aylar Həqqinin 40 mərasimində rejimin təhlükəsizlik qüvvələri əhalinin gözünü qorxutmaq məqsədilə həbslər həyata keçiriblər.

Əhvaz şəhərində 17 yaşlı Həsti Afaq divara anti-hökumət şüar yazarkən hökumət qüvvələri tərəfindən həbs edilib. Onun harada saxlanıldığı hələdə məlum deyil.

Qəddar rejim günahsız uşaqları öldürməkdən belə çəkinmir. Hürmüzqan əyalətində hökumət məmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari həyatını itirib.

17 yaşlı Mehrdad Malik də rejimin qaniçənliliyinin qurbanı olub. Yeniyetmə dostunun avtomobili ilə evə gedərkən hökumət qüvvələrinin açdığı atəş nticəsində həlak olub.

Bu arada, İranda hökumət qüvvələri tərəfindən öldürülən şəxslərin sayı 507 nəfərə çatıb. Onların da 69-u uşaqdır. Saxlanılan 18 533 nəfərdən 4 108-nin yeri naməlumdur. Həbs olunanların 665-i tələbədir. İran İnsan Haqları Təşkilatı yeni hesabatında həbsxanada olan ən azı 100 etirazçının barəsində edam hökmü veriləcəyi və ya icra ediləcəyi təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Rejimin qaniçənliyi, qəddarlığı heç də gözlədikləri kimi xalqın gözünü qorxudub özünü doğrultmur. İndi İranda qadınlar hicab qadağasına məhəl qoymur, küçələrdə rahat şəkildə başıaçıq gəzib-dolaşırlar. Hətta İran şahmatçısı Sara Xadim Almatıda keçirilən dünya çempionatına hicabsız qatılıb.

Aksiyalar fonunda İranda iqtisadiyyat indiyədək heç olmadığı dərəcədə çöküş yaşayır. Ölkədə ABŞ dollarının məzənnəsinin yüksəlməsi tendensiyası davam edir və bu valyutanın dəyəri İranda tarixi rekorda çatıb. Qara bazarda hər dolların qiyməti 43 min tümən həddini keçib.

Dünyanın ən böyük qaz ixracatçılarından biri olan İran qaz böhranı ilə də üzləşib. Ölkədə 54 sement şirkətinin qazı tamamilə kəsilib. Digər şirkətlərə isə qaz limiti qoyulub ki, bu da mavi yanacağın kəsilməsindən heç nə ilə fərqlənmir.

Görünən odur ki, xalqa divan tutan molla rejimi getdikcə daha dərin böhranla üz-üzə qalır.