• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2338
— 23.12.2022 16:28

Uşaqlarda mükafatlandırma və cəzalandırma

KepezTV Player

Ulu öndər  Heydər Əliyevin deyib : “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Valideynlər hər zaman övladları üçün əllərindən gələnin ən yaxşısını etməyə hazırdırlar. Onların gələcəkdə uğurlu,cəmiyyətə faydalı bir insan olmaqları hər birimizin arzusudur. Ancaq bəzən  uşaqları  tərbiyə etmək üçün cəzadan, fiziki tənbehdən istifadə edirik. Bu onların psixologiyasına mənfi təsir edir. Təhqir olunmuş və fiziki təzyiqə məruz qalan uşaq həmişə yalançı, qorxaq, özünəinamsız olaraq böyüyür. Bir müddət sonra uşaq artıq heç nədən qorxmur və öz bildiyini edir.Ona görə də, düzgün formada və uyğun vaxtda  verilən cəza onlar üçün faydalı ola bilər.
Bir çox hallarda valideynlərlə ünsiyyətdə olarkən uşaqlarını həvəsləndirmək və daha yaxşı nəticələr göstərmələrini təmin etmək üçün mükafatlandırma üsulundan istifadə edildiyinin şahidi oluruq. Belə ki, bir çox hallarda ana – ata uşağa dərs ilini yüksək qiymətlərlə bitirsən sənə telefon (kompyuter, ayaqqabı və s) alacam və ya gəzməyə aparacam kimi həvəsləndirici hədiyyələr təklif edirlər. Ancaq bu formada olan yanaşma tərzi uşağa şüuraltı olaraq özüm olduğum üçün sevilmirəm düşüncəsini verir, yəni məni, mən olduğum üçün yox, dərslərimi yaxşı oxuduğum üçün sevib, çox istəyirlər mesajı verir. Uşaqların daha yaxşı böyüməsi üçün düzgün formada və uyğun vaxtda verilən həm cəza , həm də mükafat onlar üçün faydalı ola bilər.Valideynlər isə buna diqqət etsələr  cəmiyyət üçün faydalı fərdlər yetişdirmiş olacaqlar. Uşaqlarımızla davranarkən balansı qorumaq lazımdır. Bəs maraqlıdır ki,şəhər sakinləri övladlarına qarşı bu tarazlığı qoruyub saxlaya bilirlərmi?