• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 16.12.2022 20:20

Erməniləri yox, ciblərini düşünən Ruben-Araik cütlüyü

KepezTV Player

Artıq 5 gündür azərbaycanlı fəallar Şuşa-Xankəndi yolunda aksiyalarını davam etdirirlər. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilir və görünən odur ki, hələ bir müddət də davam edəcək. Monitorinq qrupunun sülhməramlılarla bugünkü görüşünün də nəticəsiz qalması belə düşünməyə əsas verir.

Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya ermənilərin müxtəlif don geyindirməklərinə baxmayaraq, heç bir siyasi məqsəd daşımır, sırf ekoloji terrorun qarşının alınmasına hesablanıb. Ermənilərin 30 illik işğal dövründə Azərbaycan təbiətinə vurduğu ziyanın dəyəri milyardlarla dollarla ölçülür. Bu azmış kimi cinayətkar əməllərini indi də davam etdirməyə çalışırlar. Əlbət dişlərində şirə qalıb. 30 il Koçaryan, Sarkisyan və ətrafı Azərbaycanın təbii sərvətlərini talamaqla məşğul oldu. Bu vəsaitdən nə Qarabağın inkişafına xərcləndi, nə də ermənilərin rifahına. İndi isə Vardanyan-Araik tandemi Azərbaycan sərvətlərini talayıb ciblərini doldurmaq istəyir. Rusiya vətəndaşlığından çıxan Vardanyanı Qarabağa gətirən kababın iyi, qızılın parıltısıdır. Yoxsa Vardanyan erməniləri düşünsəydi, Xankəndiyə çoxdan gəlmiş olardı.
Azərbaycanlılar Vardanyanın Arutunyanla əl-ələ verib təbii sərvətlərimizi talamasına göz yuma bilməzlər. Bu gün Laçın yolunun bağlı olmasının da səbəbi azərbaycanlılar yox, məhz Vardanyan-Arutunyan cinayətkar ikilisidir. Qarabağın erməni əhalisi də bilməlidir ki, onlar məhz bu ikilinin hərisliyinin girovuna çevriliblər. Vardanyanı Azərbaycan ermənilərinin gələcəyi, güzəranı, rifahı deyil, öz sərvətlərinin, kapitalının artması, biznesinin genişlənməsi düşündürür.
Azərbaycanın monitorinq qrupunun sülhməramlılarla daha bir görüşünün nəticəsiz başa çatması “Qızılbulaq” və “Dəmirli” yataqlarına yerində baxış keçirilməsini qeyri-mümkün edib. Sülhməramlılar monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yarada bilməyib. ***Azərbaycanlılarsa tələbləri yerinə yetirilməyincə, aksiyanı dayandırmayacaqlar.
Azərbaycanın Qarabağda yaşayan erməni əhali ilə heç bir problemi yoxdur. Necə olsa, onlar da bizim vətəndaşlarımızdır və Azərbaycan dövləti polietnik respublikamızda digər xalqların nümayəndələri kimi, ermənilərin də hüquqlarının qorunacağını dəfələrlə bəyan edib. İndi Azərbaycan erməniləri öz gələcək talelərini özləri həll etməli və rifahın yeganə yolunun Azərbaycan Konstitusiyası və qanunları ilə yaşamaqdan keçdiyini vaxtında dərk etməlidirlər.