• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2072
— 12.12.2022 20:02

21 Azər hərəkatı və miras qoyduğu ideyalar

KepezTV Player

İndi İranda Azər ayıdır. Bu gün isə ayın 21-i. Yəni 21 Azər – azərbaycanlılar üçün sevinc və kədərin eyni gündə yaşadan tarix. Bu gün Cənubi Azərbaycanda milli hökumətin qurulmasının 77-ci, süqutunun 76-cı ildönümüdür.

İkinci Dünya müharibəsində İranın özünü bitrəf elan etməsinə baxmayaraq, Almaniya ilə yaxınlaşması ölkə ərazisinə SSRİ və İngiltərə qoşunlarının daxil olması ilə nəticələndi. Rza şah devrildi və oğlu Məhəmməd Rza hakimiyyətə gətirildi. Xarici müdaxilə, eləcə də mövcud rejimin dəyişməsi İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxardı. Bu proses ölkənin müxtəlif bölgələrində fərqli şəkildə təzahür edirdi. Belə bir tarixi şəraitdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi hərəkat öz məqsədinə çatır. 1945-ci il dekabrın 12-də - İran təqvimi ilə Azər ayının 21-də Güney Azərbaycanda milli hökumət qurulur.

Milli Hökumətin ömrü cəmi bir il sürsə də, güney azərbaycanlıların həyatına bir sıra mühüm yeniliklər gətirir. 1925-ci ildən - Rza şahın dövründən Azərbaycan dilinin işlədilməsinə qoyulan rəsmi qadağa aradan qaldırılır, Azərbaycan dili dövlət dili elan olunur, ana dilində məktəblər, kitabxanalar, Təbriz Dövlət Universiteti açılır, milli teatr, milli flarmoniya yaradılır, savadsızlığın aradan qaldırılması məqsədilə kurslar təşkil olunur, radio stansiyası, banklar milliləşdirilir, uşaq evləri, xəstəxanalar təsis edilir, torpaq islahatları həyata keçirilir, anbarlarda saxlanılan məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarılır, qadınlara da kişilərlə bərabər hüquqlar verilir.

Şah hökuməti SSRİ-yə güzəştli neft müqaviləsi vəd edərək 1946-cı ildə sovet qoşunlarının İranı tərk etməsinə nail olur. İran ordusu hücum edərək Cənubi Azərbaycanı işğal edir və milli hökuməti ləğv edir. Bundan sonra ziyalılara, demokratik qüvvələrə qarşı repressiya siyasəti başlayır. Hökumətin çoxsaylı üzvləri güllələnir. On minlərlə insan mühacirətə gedir. Hərəkatın lideri Seyid Cəfər Pişəvəri də daxil olmaqla çoxsaylı üzvləri Azərbaycana sığınır. Saysız-hesabsız həbslər, sürgünlər həyata keçirilir. 21 Azər hərəkatı əzilən, zülmə, istismara məruz qalan xalqlar üçün ümid işığı oldu. Mübarizə, qalibiyyət rəmzinə çevrildi. Ömrü cəmi bir il sürsə də, qoyduğu ideyalar bu gün də aktualdır. Üstündən 77 il ötüb, amma cənubi azərbaycanlılar bu gün də azadlıqları uğrunda savaşdadırlar. Bu gün də Təbriz küçələrində “Azadlıq, ədalət, milli hökumət” şüarı eşidilir.

Bəli, bu gün də Cənubi Azərbaycanda “azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirilir. Bu gün də İranda Azər ayıdır... Ədalətin öz yerini tapacağına, molla rejiminin zülmü, təzyiqləri altında əzilən güneyli soydaşlarımızın haqq mübarizəsinin uğur qazanacağına ümidliyik...