• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2421
— 12.12.2022 20:14

Tarixin özü qədər əbədi şəxsiyyət

KepezTV Player

Heydər Əliyev... Azərbaycan xalqı üçün əbədiyaşar şəxsiyyət, ümumilli lider. Bütün həyatını xalqına həsr edən, qəlbi Azərbaycanla döyünən dahi şəxsiyyət. Ulu öndərin fundamental ideyaları xalqı, milləti birləşdirərək, milli dəyərlər uğrunda səfərbər etmək, azərbaycanlı olmağı fəxrarətini aşılamaq idi. Bunu isə demək olar ki, hər çıxışında dilə gətirib, onu sevənlərə, xalqına çatdırırdı.

Ulu öndər ən ağır anlarda belə, xalqı ilə bir olub, xalqının səsinə səs verib. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas edib. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin hakimiyyət dövrü illərin unudulmaz səhifələridir. İqtisadiyyatdan mədəniyyətə, idmanadək hər sahədə, xalqın inkişafı üçün əlindən gələni edən, Ulu öndərin Nizami yurduna da diqqəti xüsusi olub.

Gəncəyə səfərləri zamanı, Ulu öndər daim böyük sevgi ilə qarşılanıb. Meydanlarda Heydər Əliyevi gözləyən, yüzlərlə bəlkə də, minlərlə insan Ümumilli liderin siyasətini dəstəklədiyini, sona qədər arxasında olduğunu ifadə edirdi.

Bir rəhbər, siyasətçi olaraq sadə xalqın yanında olmaqla yanaşı, Heydər Əliyev səfərləri zamanı hər zaman jurnalistlərin də rahat işləməsi üçün diqqətini əsirgəməyib.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün uşağından, böyüyünə hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunan Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız, onun müəllifini, özünün tarixində və qəlbində əbədi yaşadır.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu dəstəkləyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni, şanlı tarix yazdı. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" kəlamı ölkənin gələcək taleyinin, ölməz ideyalarının, məqsəd və arzularının həyata vəsiqə almasına istiqamətlənmişdi. Ulu öndərin vəsiyyətinin yerinə yetirilərək işğal altında olan torpaqların azadlığa qovuşması bu istəklərin başında gəlirdi. Bu gün Qarabağlı Azərbaycanla, Müzəffər Ali Baş Komandanla, bundan da böyük uğurlara imza atmağa hazırıq. Ulu Öndər Heydər Əliyevi isə, dərin ehtiramla yad edirik...

Nərgiz Əhmədqızı