• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2110
— 08.12.2022 20:33

Ermənilərə silah bəxşişi: İran nəyə nail olmaq istəyir?

KepezTV Player

İranın Azərbaycana qarşı düşmən mövqeli davranışları artıq sistematik xarakter alır. Riyakar din qardaşımız indi də erməniləri açıq-aşkar silahlandırmaqla məşğuldur. Özü də Azərbaycan ərazilərində olan separatçı erməniləri.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri Ermənistana 500-ü “Dehjlaviyeh”, 100-ü “Almas” tipli olmaqla ümumilikdə 600 ədəd tank əleyhinə idarəolunan raket kompleksi hədiyyə edib. Düzdür, bu bizi təəccübləndirməməlidir. Çünki istər Birinci Qarabağ, istər Vətən müharibələri zamanı İran Ermənistanla əlbir olub Azərbaycana qarşı fəaliyyət aparıb. Bura həm iqtisadi, həm siyasi, eyni zamanda da hərbi dəstəyi daxil edirik. O baxımdan sonuncu silah bəxşişi molla rejiminin Azərbaycana qarşı növbəti düşmən addımıdır. Bizi düşündürən məsələ başqadır. İndi vəziyyət dəyişib axı. Müharibə bitib, 30 illik münaqişəyə son qoyulub. İndi Azərbaycan dayanıqlı sülhə, regional təhlükəsizliyə, elə Ermənistanın özünün də rifahına, dalandan çıxmasına kömək edəcək kommuniksiyaların açılmasına çalışır, intensiv sülh danışıqları aparılır. Belə bir geosiyasi vəziyyətdə aranı yenidən qızışdırmaq, separatizmi dəstəkləmək, təxribatlar törətmək üçün ermənilərə dəstək göstərmək nəyə lazımdır? İran bununla nəyə nail olmaq istəyir?

Biz İranın indiyədək ölkəmizə qarşı atdığı xain addımların heç birini unutmamışıq. Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərlə sövdələşməyə getməklərinimi deyək, işğal altında olan torpaqlarımızın ermənilərlə bərabər yağmalanmasınımı deyək, Vətən müharibəsində Azərbaycan hərbi bölmələrinin mövqelərinin ermənilərə satılmasınımı, Azərbaycana məxsus PUA-lara qarşı radio-elektron mübarizə vasitələrinin ermənilərə verilməsinimi, Xudafərin istiqamətində ordumuza süni maneələr yaradılmasınımı, tarixi Zəfərdən sonra Azərbaycanı dilucu təbrik etmələrinimi? Hansı birini? Başa düşüləndir, Azərbaycan öz torpaqlarını azad edib, İran üçün narkotik və silah qaçaqmalçılığı qapıları bağlanıb. Molla Respublikasında yaşayan çox milyonlu azərbaycanlılar Bakı sevgisini daha aydın büruzə verir. Bütün bu amillər də Tehranın qıcıqlanmasına səbəb olur. Amma unudurlar ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

İran ermənilərə silah göndərir, ardınca da təlim üçün “inşaatçı” donu geydirdiyi mütəxəssislərini. Belə çıxır ki, Tehran aranın qızışmasında, azərbaycanlılara qarşı təxribatların törədilməsində maraqlıdır. Çünki hədiyyə etdikləri o silahların kimə tuşlanacağı bəllidir. Bəs İran üçün biz dost idik, din qardaşı idik? Demək heç bir dostluqdan, qardaşlıqdan söhbət gedə bilməz. Bunu Azərbaycan daxilində İrana dəstək olanlar da dərk etsələr, yaxşı olar.<br>Bu arada, Ermənistanın müdafiə naziri ölkəsinin yeni keyfiyyətli silahlar əldə etmək niyyətini açıqlayıb. Deyəsən, başları yumruq üçün qəribsəyib. Bu dəfə “Qardaş yumruğu”nun dadına baxacaqlar.