• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 812
— 01.12.2022 20:32

Tehranın növbəti oyunu: İran Qarabağa terror-diversiya qrupu göndərib?

KepezTV Player

Rusiyalı sülhməramlılar mandatlarına zidd olaraq xarici vətəndaşların Azərbaycan ərazisinə keçməsinə imkan yaradıblar. Qafqazinfonun məlumatına görə, Qarabağa qanunsuz olaraq buraxılanlar sırasında İran vətəndaşları da var. Onların Qarabağda erməni terror dəstələrinə təlim keçmək niyyətilə Azərbaycan ərazilərinə gəldikləri deyilir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatla Qarabağda və Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dünyanın harasında olursa olsun, sülhməramlılar qərəzsiz və neytral olmalı, əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərməlidirlər. Bəs Qarabağda vəziyyət necədir? Belə görünür ki, Azərbaycan ərazilərində olan rusiyalı sülhməramlılar ermənilərə kömək etməyi özlərinə vəzifə seçiblər. Rəsmi bülletenlərində Azərbaycanın tarixi yer adlarını təhrif edən, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin çağırışlarına məhəl qoymayan sülh məramsızlar, bu dəfə də xarici ölkə vətəndaşlarını qanunsuz olaraq Azərbaycan ərazilərinə buraxmaqla gündəmə gəliblər.

İran vətəndaşları noyabrın 24-də “Mersedes-Benz” markalı mikroavtobusla sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər. Maraqlıdır ki, gələn 14 nəfərdən 12-si İranın eyni şəhərindən – bu ölkənin xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazasının yerləşdiyi İzeh şəhərindəndir. Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Onların Qarabağda terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçəcəyi də deyilir. Görünür bu, Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyən, Zəngəzur dəhlizinin açılmasından bərk təşvişə düşən Tehranın Bakıya qarşı növbəti oyunu, İran-Ermənistan iş birliyinin növbəti mərhələsidir.

Heç şübhəsiz ki, İran məsələ ilə bağlı Bakı qarşısında cavab verməli olacaq. Rusiyalı sülhməramlılara gəldikdə isə, belə görünür ki, onların məqsədi sülh deyil. Və məqsədi sülh olmayanın sülhə can atanın yanında nə işi.