• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 25.11.2022 10:00

“Maqavuz” yox, Çardaqlı!” - Azərbaycan MN-dən Rusiyaya cavab

KepezTV Player

Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiyanın Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığına Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Müdafiə Nazirliyindən vurğulanıb ki, buna baxmayaraq, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiyanın sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Belə ki, Rusiyanın sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir. "Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb. Son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.  Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq.", - deyə Nazirliyin açıqlamasında qeyd edilib.