• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2214
— 23.11.2022 20:34

Ayaqlar altında tapdalanan İranın hüquqları

KepezTV Player

İranda baş verənlər nə bu ölkənin konstitusiyasına, nə də beynəlxalq prinsiplərə uyğun gəlir. Hüququn təməl prinsiplərinə məhəl qoymayan İslam ölkəsi elə İslami qaydaları da heçə sayır. Bununla da assimilyasiyaya məruz qalan insanlar elə insan hüquqlarından məhrum olurlar.

Beynəlxalq təşkilat və konvensiyalara qoşulmaqla İran insan hüquqlarını qorumaq kimi öhdəliklər götürsə də daxili qanunlara da, dünyəvi dəyərlərə də öz çərçivəsindən yanaşır. Ümumdünya İnsan Hüquqları ilə bağlı Bəyannamələrin və Qurani-Kərimin tələblərini pozan molla idarəçiləri bununla müsəlmanlar arasında vəhdət yaratmaq ideyasına da zidd gedirlər. Belə ki, İran konstitusiyasının 15 və 19-cu maddələri ölkədə yaşayan hər bir xalqa öz dilində sərbəst təhsil almaq hüququ və məktəblərdə öz dillərinin tədris olunması imkanını tanısa da, hakimiyyət heç zaman buna imkan verməyib. Hüquqlarını tələb edənlər isə təqiblərlə üzləşib. İrandakı siyasi və sosial şərtlər insanları bu kimi hüquq pozuntularını sükutla qarşılamağa məcbur edir.

Dünyanın 101 ölkəsində edam hökmü ləğv edilib, 32 ölkədə isə edam hökmünün icra olunması dayandırılıb. Hökmün icra edildiyi 25 ölkədən biri olan İranda bu ilin arxada qalan dövründə 200 nəfər edam edilib. Onların sırasında 18 yaşına çatmayan yeniyetmələrin də olması rejimin qəddarlığından da xəbər verir. Bu isə əsasını sülh, əmin-amanlıq, haqq, mərhəmət təşkil edən İslam dininin tələblərinə yanaşmanın simvolik xarakter daşıdığını göstərir.

21-ci əsrdə yaşayırıq və insanlara verilən yarımçıq hüquqlar İranda təəssüf doğuran reallıqdır. Fars-molla rejimi indi hər vəclə çalışır ki, daxildəki qeyri sabitliyi istənilən yolla yatırsın. Amma nə tətbiq edilən güc, nə təqiblər, nə də boğazdan yuxarı səsləndirilən vədlər narazı kütlənin yanğısına su səpmir. Başlanan oyanış hərəkatı daha da güc yığıraq coğrafiyasını genişləndirir. Yəqin sonun başlandığının fərqindədirlər deyə.