• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 22.11.2022 20:03

Xameneyinin göstərişindən sonra etirazçılara divan tutulur

KepezTV Player

İranda etirazçı xalqın molla rejiminə qarşı üsyanı üçüncü aydır ki, davam edir. Hökumət qüvvələri iğtişaşların yatırılması üçün silahdan istifadə edir. Küçələr qan gölünə dönür.

Bu kadrlara sakit şəkildə baxmaq mümkün deyil. İranda etirazçılara sözün əsl mənasında divan tutulur. Ali dini rəhbər Əli Xameneyinin kütləvi etirazlara qatılanların cəzalandırılması tələbindən sonra hökümət qüvvələri cəllada çevrilib. Uşaq, qadın, qoca demədən molla rejiminə qarşı etiraz edənlər ən ağır şəkildə cəzalandırılır.

Ölkədə hazırda rəsmən vətəndaş müharibəsi gedir. Cavanrud şəhərində vəziyyət daha acınacaqlıdır. Qəddar və vəhşi hökumət qüvvələri etirazçılara döyüş silahları ilə atəş açırlar.

Kadrlar müharibə filmlərindən döyüş səhnələrini xatırladır. Bunu yalnız düşmən düşmənə edə bilər. Amma İranda bu əməlləri ölkəni guya İslam dininin qaydaları ilə idarə edən molla rejimi öz xalqına qarşı törədir. Mollalar tarixdə misli görünməmiş cinayətlərə imza atırlar.

Xüsusən güney azərbaycanlılara qarşı böyük vəhşilik törədilir. Hökumətin təşkil etdiyi yürüşə qatılmaqdan imtina edən 15 yaşlı Ərdəbilli şagird Əsra Pənahinin, Tibb Universitetinin azərbaycanlı tələbəsi Aylar Həqqinin ölümü cənubi azərbaycanlıları daha da aqressivləşdirib. Küçələrdə addımbaşı "Qana qan, cana can, Ağlayır Azərbaycan! Bu qan yerdə qalmayacaq” şüarlarına rast gəlinir. İranda həbslərin də sayı artıb. Saxlanılan şəxslərə isə olmazın işgəncələri verilir. Repressiv molla hökuməti xalqın etirazlarından qorxaraq internetə girişi məhdudlaşdırır. Etirazçılara yaxınlığı ilə seçilən media orqanları bağlanır. Rejimdən nifrət o həddə çatıb ki, xalq ölkə adına istənilən uğursuzluğu toy-bayram kimi qarşılayır. İran millisinin Qətərdəki məğlubiyyəti kimi.

İranın insan haqları fəallarının məlumatına görə, noyabrın 20-nə kimi etirazlarda 419 nəfər həyatını itirib. Onlardan 60 nəfər azyaşlıdır. Saxlanılanların sayı isə 18 min nəfərə yaxındır. Başqa vaxt qardaşlıq, bərabərlik, insanlıq dərsi keçən mollalar indi qadın, uşaq qatilinə çevriliblər. Eynən Ermənistan kimi.