• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 21.11.2022 20:25

İran, addımla geriyə, marş!

KepezTV Player

İran valı dəyişib. İndi başqa hava çalır. Gördü ki, əzələ nümayişi, asaram-kəsərəm bəyanatları, qeyri-ciddi rəsmilərin sərsəm açıqlamaları Bakının yanından yel də olub ötəmmədi, indi Tehranın öz havası dəyişib. Amma biz göz yaşlarına inanmırıq.

Son günlər İranın Azərbaycana qarşı münasibətində yumşalma müşahidə olunur. Tehran rəsmiləri düşünülməmiş addımları ilə münasibətləri gərginləşdirməklə əllərinin heç nəyə çatmadığını anlayıb azərbaycanlıların könlünü almağa çalışırlar.

Öncə İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti mələk cildinə girib sicilləmə bir məqalə yazıb. Guya bəziləri İranın Azərbaycanla döyüşmək istədiyi barədə şayiələr yayırlar, guya Azərbaycan xalqı bunların gözlərinin işığıdır. Guya İran region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir. Və ən gülməlisi, guya Azərbaycan hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcək.

Adama sual verərlər, ay ağayi Vilayəti, 30 il Azərbaycanın torpaqları işğal altında idi. Onda siz hardaydız? Ya da Vətən müharibəsi dönəmində. Biz cavabı yaxşı bilirik. Sadəcə sizə xatırlatmaq istəyirik. Özünüzün dediyiniz kimi, eyni irqdən, dildən, dindən, eyni adət-ənənədən, tarixdən olan insanların yox, Ermənistanın yanındaydız! Bu gün hardasız? Yenə Ermənistanın yanında! Bəs bu açıqlamalar hansı məqsədlə verilir? Onu da deyək.

Azərbaycana xox gəlmək istəyib özü qorxuya düşən İranda geriyə bir addımı da xarici işlər nazirliyi atıb. Nazirliyin mətbuat katibi deyib ki, İranın Azərbaycanla münasibətlərdə siyasəti birgə fəaliyyət nüanslarına diqqət yetirmək və ixtilaflı məsələlərdən çəkinməkdir. Xeyli xub! Bəs bu ixtilafı kim yaradır?! Bunu da yaxşı bilirik. Siz də, biz də. Axı nə qədər olar, eyni səhvləri təkrar etmək? Birinci dəfə deyil axı, İran Azərbaycana qarşı şeşələnir, sonra da sınır qol-qanadı, yanına düşür. Bizə bu mənzərələr yaxşı tanışdır. 

Bu dəfə də İran güc, təzyiq yolu ilə nəyəsə nail ola bilməyəcəyini anladı. Burası çox xoş oldu. Amma ağalar, vallah da, billah da, düşmən kimi davrananda daha səmimi görünürsünüz. Ona görə də, belə gəlişi gözəl sözlərlə Azərbaycan xalqının, o taylı azərbaycanlıların mərhəmətindən istifadə etməyə çalışmayın. Biz ağı-qaradan seçməyi yaxşı bacarırıq. İranın ağına da lənət, qarasına da.