• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 20.11.2022 20:24

Hərbçilərimiz azad Ağdamda xidmət etməkdən qürur duyurlar

KepezTV Player

Ağdam şəhərinin işğaldan azad edilməsindən iki il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanmağa başladı. İki ildir ki, azadlığına qovuşan Ağdamda ordumuzun hərbi qulluqçuları qürurla xidmət edir, döyüş növbətçiliyini həyata keçirirlər. Onların Vətən müharibəsi dövründə keçdikləri döyüş yolu, eyni zamanda düşmənlə üz-üzə dayanan zabit və əsgərlərimizin şəraiti, döyüş növbətçiliyi haqda qarşıdakı sujetdə.

Vətən müharibəsində Ağdam döyüşsüz və itkisiz olaraq Ali Baş Komandanın qətiyyətli mövqeyi və müdrik siyasəti sayəsində işğaldan azad olunub. Ordumuz bu rayon uğrunda sadəcə müdafiə döyüşləri həyata keçirib və düşməni aldadıcı taktika ilə inandıraraq müharibə boyu bu istiqamətdə qarşı tərəfin qoşunlarının böyük bir qismini, silah-texnikasını buraya toplamasına nail olub. Nəticədə digər ərazilərimizin əsarətdən qurtulmasına şərait yaranıb və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edilib. 2020-ci il 20 noyabr tarixində isə anlaşmaya əsasən Ağdam 1 güllə belə atılmadan azad olunub. Düzdür, bu rayon uğrunda qızğın döyüşlər getməsə belə düşmənin müəyyən qoşun növlərinin məhv edilməsində ordumuz böyük əmək sərf edib. Yüksək döyüş hazırlığı sayəsində düşmənin müəyyən döyüş nöqtələrinin susdurularaq Vətən müharibəsində uğur qazanmağımızda artilleriyaçılarımız vacib rol oynayıblar.

Uzun illər boş oturmayan düşmən Ağdamın müdafiəsi üçün bir neçə hissədən ibarət mühəndis istehkam qurğuları yaradıb. Bu maneələr rayonun azad edilməsinə həm çox vaxt tələb edib, həm də çətinləşdiririb. Eyni zamanda, qarşı tərəfin qurduğu hiylələr digər ərazilərlə müqayisədə daha çox itki verməyimizə səbəb olacaqdı. Ancaq bütün bunlara baxmayaraq şanlı ordumuzun uğurlu əməliyyatları tarixi torpaqlarımızın həsrətinə son qoymaqla ədaləti bərpa edib.

Ağdam əsarətdən qurtularkən şəhər ətrafında bir sıra yüksəkliklər də azad olunub ki, həmin məntəqələrdən biri işğal dövründə qarşı tərəfin hava məkanının təhlükəsizliyi baxımından böyük önəm daşıyıb.

Ağdamın azad olunması ilə müəyyən ərazilərdə qarşı tərəflə üz-üzə, qısa məsafədə döyüş postları qurulub. İndi qəhrəman ordumuzun əsgər, zabit heyəti göz bəbəyi kimi qoruduğu mövqelərimizdə qürurla, fəxrlə xidmət edir.

Döyüş mövqelərində ölkənin müxtəlif şəhər və rayonlarından olan əsgərlər xidmət edir. Onların sosial-məişət şəraiti, bütün təminatları dövlət tərəfindən ən yüksək səviyyədə qarşılanır. İşğaldan azad olunan ərazilərdə, həm də döyüş postunda hərbi borcunu yerinə yetirən gənclər bunu özlərinə şərəf hesab edirlər.

Ağdamın işğaldan azad olunması ilə təkcə bu rayonun əsarətinə son qoymadıq. Həmçinin, biz 1-ci Qarabağ müharibəsində ümumi olaraq verdiyimiz 7000-ə yaxın mülki və hərbi şəhidlərimizin qısasını aldıq. Bu gün 2 ildir ki azərbaycanlıların yenidən ayaq basdığı, nəfəs aldığı Ağdamda xidmət edən bütün hərbi qulluqçular azad etdikləri ərazilərdə bir ağızdan bu ifadəni səsləndirirlər.