• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 18.11.2022 20:20

Fars rejiminin zülm etdiyi güneyli soydaşlarımız

Arazın o tayındakı həmvətənlərimizin çətinliklərini, uğradıqları haqsızlıqları, problemlərini tez-tez dilə gətiririk. Bu dəfə bütün bunları elə onların öz dillərindən eşidəcəyik. Rejimin təzyiqləri ilə üzləşib, mühacirətdə yaşamağa məcbur olan güneyli soydaşlarımız Kəpəz TV-yə danışıblar.

Güney azərbaycanlılar Qacar hakimiyyətinin devrilməsindən bu yana, 1 əsrə yaxın bir dövrdə fars şovinizmindən, assimlyasiya siyasətindən əziyyət çəkir. Soydaşlarımız öz milli kimliklərindən, tarixindən, mədəniyyətlərindən uzaq salınır, dillərinin əllərindən alınmasına çalışılır. Fars faşizminin bu siyasəti bu gün də davam edir. Baxmayaraq ki, son 1 əsrdə İranda baş verən inqilabların hamısında azərbaycanlılar əsas rol oynayıb.

Cənubi azərbaycanlılar öz dillərini, tarixlərini, öz dəyərlərini yaşatmaq üçün çətin mübarizə yollarından keçiblər. İran Konstitusiyasında ölkədə yaşayan bütün millətlərin öz ana dilində təhsil almaq hüququ təsbit olunsa da, bu sadəcə görüntüdür. Reallıq isə tam tərsidir. Molla Respublikasında ana dilində təhsil tələbinin səsləndirilməsi belə, çox ağır şəkildə cəzalandırılır.

 İranda molla rejimindən yalnız azərbaycanlılar deyil, bütün millətlər təngə gəliblər. 22 yaşlı Məhsa Amininin ölümü isə səbr kasasını daşıran son damla oldu. Xalq iki aydan çoxdur ki, ayaqdadır və hakimiyyətin devrilməsini, demokratiyanın bərqərar olmasını tələb edir. Azadlıq arzusunda olan güneyli soydaşlarımız haqqın-ədalətin öz yerini tapacağına ümidlidirlər.

İrandakı son proseslər rejim dəyişikliyinin qaçılmaz olduğunu göstərir. Belə bir tarixi məqamda cənubi azərbaycanlıların haqq mübarizəsinin müsbət nəticələnəcəyinə də inam böyükdür.