• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 12.11.2022 20:22

Molla rejimi üçün hesablaşma zamanıdır

KepezTV Player

Azərbaycanın illərə, əsrlərə sığmaz Təbriz sevdası. Təbrizin hər cür əzab-əziyyətə, məhdudiyyətlərə rəğmən bitməz-tükənməz Bakı eşqi. İndi elə bir zaman yetişib ki, cənubi azərbaycanlılar bu sevgini daha uca səslə hayqırırlar. Bu səsin sədası İran adlı molla respublikasının canına əməlli-başlı vəlvələ salıb. Tehranın hər addımda Ermənistanın tayı olduğunu göstərməsi isə adama uşaq cığallığını xatırladır.

Ermənistanda yenə çal-çağırdır. İran Molla Respublikasının Parlament sədrinin Azərbaycana nəzərdə tutduğu səfəri ləğv edərək əvəzində əvvəlcədən elan olunmadığı halda İrəvana səfər edəcəyini bildirməsindən haylar həşirə düşüblər. Yəqin bu yaxınlarda iranın Qafanda açdıqları suvağı qurumamış binanın divarları quruyub, bu dəfə abırlı bir tədbir keçirmək istəyiblər. Amma mollalar nə abıra yer qoyur, nə də ar-həya edirlər.

-        Sanki bağça uşaqları kimi acığa düşüb “mən daha sizinlə oynamıram” deyərcəsinə özlərinə yeni komanda yoldaşı tapıblar. Fransanın “bacısı” Ermənistanı. Yeri gəlmişkən islam inqilabının rəhbəri də uzun illik mühacirətdən sonra Tehrana Fransadan qayıtmışdı.

-        Bəs, məhz Vətən müharibəsindən sonra İranın Azərbaycana münasibətdə mənfiyə doğru dəyişən rəftarının əsasında nə dayanır?! Sirr deyil ki, 30 illik işğal dövründə molla rejiminin əlaltıları Qarabağın ayaqda qalması üçün min hoqqadan çıxıblar. Dünyada müsəlmanların əzilməsinə hər gün lənət yağdıran mollalar Azərbaycana gələndə “regionda sülhün bərqərar” olmasını istəyirik deyərək baş qatıblar. İndi isə konkret cavab vaxtıdır. Diqqətinizi, Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci ilin oktyabr ayında xalqa növbəti müraciətlərindən birində səsləndirdiyi fikirlərə çəkmək istəyirəm.

Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar?

-        Bəli bu o vaxt idi ki, biz artıq ermənistanın belini qırmışdıq, qələbəyə az qalırdı, havada Zəfər ətri var idi…və İranla sərhədimiz artıq tam azad idi. Biz düşünürdük ki, Arazın o tayında da ən azı bizim qədər sevinirlər. Sevinənlər var idi…Arazbarıda…Amma Arazdan uzaqlaşdıqca sifətlər də, simalar da, mövqelər də dəyişirdi. Tehran bunu bir təhlükə kimi görürdü. Əlbəttə 30 il ərzində sorğu-sual etmədən, heç kimdən icazə almadan, o-baş-bu-baş get, azərbaycanlıların evini yağmala, hətta dam örtüklərini belə tala... və bir gün sərhəddə Bayraq görürsən. Üzərində də ULDUZ! İlan ulduz görməsə ölməz deyə bir misalımız var. hərəsi bir hekayətə Dayanan zərb məsəllərimizin yeni versiyası da bu olsun gərək.

-        Amma mollalar unutdular ki, quzeydə parlayan Səkkizguşəli ulduzun parıltısından vəcdə gələn Güney Azərbaycanlılar üçün bu, bir siqnal idi. İndi İran öz haqlarını tələb edən azərbaycanlılara qarşı daha zorakı davranır, daha ağır işğəncələrə əl atır.  Azərbaycan Təbriz sevdasından  nə Gülüstandan nə də Türkmənçaydan sonra vaz keçdi. İllər, hətta əsrlər dəyişdi, amma Təbriz niskilimizi, Cənubda qalan Azərbaycanımızı biz özümüzlü 22.ci əsrə daşıdıq. İkinci dünya müharibəsinin ən qızğın vaxtında belə, Bakı cəbhə üçün işlədiyi vaxtda belə bir əlimiz cənublu qardaşlarımızın üzərində idi. 1944-cü il martın əvvəllərində azərbaycanlılara Cənubi Azərbaycanda çalışmaları üçün siyasi işçilər üzrə 33, ticarət müvəkkilliyi üzrə 11, diplomatik idarələr üzrə 14, qəzetin nəşri üzrə 27 yer ayrılmışdı. 1944-cü ilin yaz və yayında Azərbaycandan Cənubi Azərbaycana 620 nəfərdən çox müxtəlif işçilər göndərilmiş və daha 375 nəfər səfərbər edilmişdi. Mühüm tapşırıqla gedənlərin qarşısında duran əsas vəzifə Arazın o tayındakı azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadığını, sərhədin şimal tərəfində qardaşlarının yaşadığını təbliğ etmək idi. Və bu öz nəticəsini verdi. 1945-ci ildə Azərbaycan Milli Höküməti quruldu! Düzdür onun da taleyi Azərbaycan Xalq cümhuriyyətinin ömrü qədər az oldu. Amma bu gün, yeni yüzillikdə əgər bizim istinad etdiyimiz bir bünövrəmiz varsa deməli qalibik. yenə də qayıdaq Prezident İlham Əliyevdən olan sitat: Azərbaycan indi o dövlət deyil!

- Bəli, Azərbaycan artıq kiminsə poliqonu, siyasi oyunlarını apardığı bir dövlət deyil. İndi: Təbriz, Azərbaycandır deyənlər də çoxdur. Səsimiz də çatır! ünümüz də yetir! Səsimizə səs də verirlər!

- indi tehranda hər vəchlə milli kimlik məsələsini dini müstəviyə keçirmək istəyirlər. İslam dəyərlərini tapdaq altına atan, özünü dinin keşikçisi adlandıran amma əbaları altda min cür hoqqadan çıxan mollaların zəvvar və inanclı insanların heysiyyattı ilə oynamaq bir rejimə uğur gətirə bilməz.

- bəzi mənbələr iddia edir ki, ölkədə etnik azlıqlara qarşı başlanan hücumların arxasında islam resbulikasının xüsusi xidmət orqanları dayanır. Onlar bunula diqqəti yayındırmaq, məsələni məişət zorakılığı müstəvisinə keçirmək istəyirlər.

- bir vaxtlar proksi müharibələr ixrac edən molla rejimi üçün hesablaşma zamanı gəlib. Bir müsəlmanın ən çəkindiyi məqamdan- haqq-hesab divanından qorxun, Ağalar!