• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 10.11.2022 20:25

Ermənistanın öhdəliklərindən boyun qaçırmasının gözlənilən nəticələri

KepezTV Player

Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından iki il ötür. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Beləliklə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında ardıcıl qələbələr qazanaraq düşmənə sarsıdıcı zərbələr vururdu. Ermənistan silahlı qüvvələri həm canlı qüvvə, həm texnika sarıdan məhv olurdu. Noyabrın 8-də alınmaz qala hesab edilən Şuşanın işğaldan azad olunması ilə düşmən məğlubiyyətini özü də boynuna aldı. Ordusu məhv olan Ermənistanın kapitulyasiya sənədini imzalamaqdan başqa çarəsi qalmırdı.

Ermənistan Azərbaycanın xoş məramından sui-istifadə etdi. Ermənilər Ağdamı, Laçını, Kəlbəcəri tərk edərkən evləri yandırmaqla, təbiətə ziyan vurmaqla bir daha öz xislətlərini göstərmiş oldular. İşğal illərində etdikləri azmış kimi, Azərbaycan ərazilərini minalamaqla hərbi cinayətlərini davam etdirdilər. Üçtərəfli bəyanatla Azərbaycan və Ermənistan üzərinə müəyyən öhdəlik götürüb. Azərbaycan iki ildir öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirsə də, Ermənistan bundan boyun qaçırır.

Ermənistan 30 il ərzində beynəlxalq hüquqla üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, dünya ictimaiyyəti də buna göz yumdu. İrəvanın dişində şirə qaldı. Lakin Paşinyan hakimiyyəti unudur ki, BMT qətnamələrini özü icra edən Azərbaycan üçtərəfli bəyanatın öhdəliklərindən boyun qaçıran Ermənistanı lazımi şəkildə cəzalandırmağa da qadirdir. Ermənistan yaddan çıxarmamalıdır ki, Azərbaycan istər siyasi, istərsə də hərbi baxımdan faktiki olaraq Cənubi Qafqazın ən güclü dövlətidir.

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından ötən iki il ərzində Azərbaycan və Ermənistan arasında istər liderlər, istər xarici işlər nazirləri səviyyəsində müxtəlif görüşlər keçirilib. Və bu görüşlərin hər birində müzakirə olunan məsələlər də, gəlinən nəticələr də haqlı şəkildə Bakının maraqlarına uyğun olub. Azərbaycan ədalətli ölkədir və niyyəti yalnız və yalnız regionun inkişafına, burada davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsinə nail olmaqdır. Ermənistan üzərinə götürdüyü öhdəliklərə nə qədər tez əməl edərsə, bundan ən çox elə özü fayda götürər.