• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 09.11.2022 10:02

Azərbaycanda Dövlət Bayrağı Günüdür

KepezTV Player

Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Xalq Cümhuriyyətinin yadigarı olan bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayrağımız 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında təsdiqlənib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. 1990-cı il noyabrın 17-də isə bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövrü Azərbaycanın qələbəsi ilə başa çatıb və azad edilən torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılıb.