• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 08.11.2022 20:05

İnamla başlayıb fədakarlıqla qazanılan Zəfər

KepezTV Player

İnamdan başlayıb böyük fədakarlıqla qazanılan Zəfər! Bu tarix çoxmilyonlu Azərbaycan xalqı üçün o qədər uca, o qədər əziz, o qədər önəmlidir ki, şəninə nə qədər tərif, neçə xoş söz desək yenə də azdır. 8 noyabr müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar günüdür.

Zəfər inamla başladı. Azərbaycan xalqının öz liderinə, öz ordusuna olan etimadı ilə.

Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa edən Azərbaycanın başını qara buludlar aldı. Ölkədə xaotik vəziyyət, səriştəsiz idarəçilik, orduda hərc-mərclik ağır nəticələrə gətirib çıxartdı. Bədnam qonşumuz Ermənistan havadarlarının dəstəyi ilə çoxdankı arzusunu reallaşdırmağa – Azərbaycan torpaqlarının işğalına başladı. Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan bir-birinin ardınca, vəhşi düşmənin tapdağı altına düşdü. Azərbaycan xalqı çətin zamanda müdrik qərar verdi. Öz böyük oğlunu, son ümid yerini hakimiyyətə gətirdi. Onun zəkasına, iradəsinə, siyasi biliyinə və uzaqgörənliyinə inanaraq. Zaman göstərdi ki, Azərbaycan xalqı inamında və seçimində yanılmadı. Öncə atəşkəs əldə olundu, sonra böyük ordunun quruculuğuna başlanıldı. Bu gün də uğurla davam etdirilən böyük siyasi kursun əsası qoyuldu. 2003-cü ildə xalqımız daha bir uğurlu seçim etdi. Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev Azərbaycan xalqının Prezidenti seçildi. Ölkənin siyasi, iqtisadi gücü günü-gündən artdı. Qarşıya bir hədəf qoyulmuşdu - dünya səviyyəli ordu qurulması. Çünki Azərbaycan dövləti və xalqı heç bir zaman öz torpaqlarının işğalı ilə barışa bilməzdi. Biz 30 il Qarabağ həsrətilə yaşadıq, amma bir gün də olsun inamımızı itirmədik. Ümumilli liderimiz, qüdrətli Prezidentimiz, güclü ordumuz bu inamı itməyə qoymadı.

Qarabağın azadlığı arzu olaraq qalmadı. Çin oldu, gerçək oldu. Zəfər fədakarlıqla qazanıldı! Müzəffər ali baş komandanın rəşadətli ordusu bütün şəhidlərimizin, erməni vəhşiliyinin bütün qurbanlarının qisasını aldı. Bu gün bütün bayramları azad Şuşada qeyd edirik, bu gün Şuşanın azadlığını təntənə ilə qeyd edirik! Biz bu zəfəri Vətənin azadlığı arzusu ilə savaş meydanına atılan, torpağının hər zərrəsi üçün qanından, canından keçən şəhidlərimizə, qazilərimizə, onların ali baş komandanına borcluyuq! Məhz onlar vaxtilə Şuşanı işğal edib adını “Dağlarda toy” qoyanlara Şuşa dağlarında elə bir toy tutdular ki, sədası əsrlərlə qulaqlarından getməyəck! Məhz onlar Azərbaycan xalqının 30 illik arzusunu reallığa çevirdilər! Onların cəsarəti, rəşadəti, şücaəti sayəsində Azərbaycan xalqı illərlə eşitmək istədiyi o sözləri öz liderinin, böyük oğlunun, müzəffər ali baş komandanının dilindən eşitdi!