• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 08.11.2022 12:20

Qələbəyə aparan yolda dağlarda döyüşün zəfəri

KepezTV Player

Bu gün Azərbaycanda Zəfər Gününün coşğusu yaşanır. İllərdir həsrət qaldığımız doğma yurda qovuşmağın sevinci ilə qələbənin qüruru bir-birinə qarışıb. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu Zəfərə gedən yolda dayağımız oldu. Azərbaycan igidləri işğal olunan torpaqlarımızı 44 gün ərzində qanları, canları bahasına azad etdilər. 8 noyabrda Şuşanın azad edilməsi isə dillərə dastan oldu. İndi o igidlik, ərənlik dastanından söz açacağıq.

Dillərə dastan olan Şuşa əməliyyatı inanılmaz fiziki qüvvə, hazırlıq, sal qayalara aşağıdan dırmaşmaq tələb edirdi. Özü də süngü-bıçaqlar və yüngül silahlarla silahlanan hərbçilərimiz möhkəmləndirilən müdafiə xətləri,  ermənilərin tankları və toplarına qarşı idi. Odur ki, Şuşanın düşmən işğalından azad olunması yerinə yetirilən düzgün kombinasiyasının hərbçilərimizin tərəfindən igidlik, mərdliklə icrası nəticəsində reallaşdı.

Həqiqətən də döyüşçülərimizin göstərdiyi igidlik misilsiz idi. Bütün döyüşlərin özünəməxsus çətinliyi, məsuliyyəti var. Amma Şuşa döyüşləri bu mənada digərlərindən fərqlənir. Şuşanı azad etmək xüsusi hazırlıq tələb edirdi və Azərbaycanın xüsusi təyinatlı qüvvələri buna tam hazır idi.

Şuşa bölgədəki digər şəhər və rayonların zirvəsində dayanır. Dağlıq ərazidə yerləşməsi ona strateji üstünlük verir. Bu şəhər nəhəng təbii qaladır. Azərbaycan əsgəri qol gücünə bu nəhəng qalanı yenidən sahiblərinə geri qaytardı.

Cıdır düzündən bu qayalara baxanda hərbçilərimizin nə qədər böyük qəhrəmanlıq göstərdiklərini dərk edirik. Bu qayalara çətin və dumanlı şəraitdə, üstəlik də ağır çəkili hərbi geyimlə dırmanmaq hər oğulun işi deyil. Amma bizim oğullar bunu bacardılar. Qayaların zirvəsinə qalxıb bizi qələbə ilə müjdələdilər. Bu yolda daha böyük zirvəyə, ölməzliyə ucalanlar, sağlamlıqlarını itirənlər də olduDöyüş meydanında qazanılan Zəfər, xüsusilə Şuşa əməliyyatı ermənilərə dağlarda toyun necə olduğunu göstərdi. Çünki Şuşa döyüşlərini yaxın məsafədən, əlbəyaxa aparan igidlərimiz dünya hərb tarixinə bir yenilik gətirdilər.

Döyüş meydanında qazanılan Zəfər, xüsusilə Şuşa əməliyyatı ermənilərə dağlarda toyun necə olduğunu göstərdi. Çünki Şuşa döyüşlərini yaxın məsafədən, əlbəyaxa aparan igidlərimiz dünya hərb tarixinə bir yenilik gətirdilər.

Haqqın nazildiyini, amma üzülmədiyini tarix bizə bir daha sübut etdi. İllərlə işğal tarixini ürəyimiz göynəyərək səsləndirdik. İndi isə Azad Şuşanın sevincini yaşayırıq. Həm gücümüz, həm iradəmiz, həm peşəkarlığımız və ən əsası Vətən sevgisi sayəsində.

1992-ci il mayın 8-də başlayan işğal 2020-ci il noyabrın 8-də yekunlaşdı. İki 8-in arasında illərlə var-gəl etdi bu xalq, əlindən alınan evinə, obasına həsrət qaldı. Amma həsrətin vüsalı elə gözəl, elə şirin oldu ki...

Elə Pifaqor da 8-i sevginin rəqəmi adlandırıb. Biz də indi sevgimizə qovuşmuşuq. Noyabrın 8-i artıq bizim üçün sevginin günüdür, Vətənə sevginin, Zəfərin günüdür...