• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 07.11.2022 21:08

Qələbəni şərtləndirən ordu quruculuğu

KepezTV Player

Hələ Vətən müharibəsi davam edirdi və bilmirdik ki, bizi böyük qələbədən cəmi bir neçə gün ayırır. Azərbaycan xalqı cəbhədən gələn xəbərləri səbirsizliklə gözləyirdi. Qəlbimizin hər döyüntüsündə min həyəcan var idi. Ən böyük arzumuzun – Şuşanın azadlığı xəbərini eşitməyə tələsirdik.

Azərbaycan Ordusu Qarabağda tarix yazırdı. Elə bir tarix ki, hərb salnaməsində xüsusi yer tutacaq, dərsliklərə salınacaq, dünyanın müxtəlif yerlərində öyrəniləcəkdi. Əlimiz ürəyimizdə, gözümüz dövlət başçısının tvitlərindəydi. Hər gün yeni qələbələrə sevinirdik. Hər gün daha böyük sevinc yaşamaq istəyirdik. Biz qələbəyə ac idik. Uşaqlı-böyüklü, qadınlı-kişili hamımız bir idik. Hamımız ali baş komandanın və onun ordusunun arxasındaydıq. Çiyin-çiyinə, əl-ələ. Bu əllər birləşib dəmir yumruq yaratmışdı və həmin o dəmir yumruq düşmənə göz açmağa imkan vermədən başını əzirdi. 30 il tapdaq altda inləyən torpaqlarımız igid oğullarımızın canı-qanı bahasına kəndbəkənd, şəhərbəşəhər azad edilirdi. Bütün bu uğurların isə bir memarı var idi. Silahlı Qüvvələrin müzəffər ali baş komandanı!

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Azərbaycan Ordusuna düşməni məhv etmək üçün cəmi 44 gün bəs etdi. Bu, Azərbaycan hərbçilərinin qüdrətindən xəbər verməklə yanaşı, ölkədə ordu quruculuğu siyasətinin nə dərəcədə peşəkarlıqla və uğurla aparıldığının göstəricisidir. İqtisadi cəhətdən gündən-günə güclənən Azərbaycan hərbi sahəyə böyük diqqət ayırırdı. Silahlı Qüvvələrin maddi-texniki təminatı, hərbçilərin peşəkarlığının artırılması, xüsusi diqqət yetirilən məsələlər idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir standartlara uyğun qurulan Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Bu gün Silahlı Qüvvələrimiz müzəffər ali baş komandanın rəşadətli ordusu deyə şanlı adla çağırılır. Xalqın sarsılmaz iradəsi və birliyi, Vətən oğullarının bitib-tükənməz bütöv Azərbaycan sevgisi bizə əvəzedilməz Qələbə sevinci yaşatdı.