• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 06.11.2022 20:02

Bayramlarla əlaqədar silsilə tədbirlər

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin Zəfər günü və Dövlət Bayrağı gününə həsr olunan silsilə tədbirləri çərçivəsində görüş və yarışlar baş tutub. Qarşıdakı sujetdə bu haqda xəbərdar olacaqsız.

Zəfər günü münasibətilə birinci və ikinci Qarabağ müharibəsinin idmançı və məşqçi döyüşçüləri ilə görüş keçirilib. Görüşdə Zəfər tariximizdən bəhs olunub, ölkəmizin 44 günlük Vətən müharibəsi ərzində bütün dünyaya öz gücünü sübut etdiyi bildirilib. Həmçinin, idmançı və çalışdırıcılar keçdikləri döyüş yolundan danışaraq etdikləri məşqlərin, yarışlarda qazandıqları uğurların hərb meydanında onlara böyük köməyinin dəydiyini ifadə ediblər.

Digər tədbir karate üzrə yarış olub. Gəncə Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında bu idman növü üzrə Gəncə regional açıq turniri keçirilib. Yarışda Gəncə, Qazax, Ağstafa və Bərdə rayonlarının komandalarının ümumilikdə  80-ə yaxın döyüşçüsü mübarizə aparıb. Sonda qaliblər İdarə tərəfindən medal və diplomla mükafatlandırılıblar.

Şanlı zəfərimizə həsr olunan daha bir yarış şahmat və dama üzrə baş tutub. Həm qız, həm də oğlan iti zəka sahiblərinin qatıldığı birincilik 3 yaş qrupunda isveçrə sistemi üzrə reallaşıb. Şahmat yarışlarında 250-yə yaxın, damada isə 80-dən çox idmançı mübarizə aparıb.

Gəncənin 28 nömrəli tam orta məktəbində isə voleybol üzrə birincilik reallaşıb. Yarışda şəhər məktəblərinin fiziki tərbiyə müəllimlərindən ibarət kollektivlər qalib olmaq üçün bacarıqlarını ortaya qoyublar. Birincilikdə 4 komanda mübarizə aparıb.