• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1553
— 31.10.2022 21:13

Mən yardan ayrılmazdım, zülm ilə ayırdılar

KepezTV Player

Şimali Azərbaycan, cənubi Azərbaycan. Bu siyasi-coğrafi anlayışların tarixindən danışacağıq bu gün. Bir qədər də dəqiqləşdirsək, tariximizin ən ağrılı səhifələrindən olan Gülüstan və Türkmənçay müqavilələrindən.

Arazı ayırdılar... Azərbaycanlılar tarixin çox çətin və ağrılı dövründən keçdi. Torpaqlarımız da, millətimiz də ikiyə bölündü.

Çar Rusiyası ilə Qacar dövləti arasında 1804-cü ildən gedən müharibə 1813-cü ildə başa çatdı. Oktyabrın 12-də Qarabağda, Gülüstan kəndində 11 maddəlik müqavilə imzalandı. Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvan istisan olmaqla digər xanlıqlar Çar Rusiyasına verildi. 1826-cı ildə tərəflər arasında ikinci müharibənin başlanması ilə Gülüstan müqaviləsi qüvvədən düşdü. Müharibə çar Rusiyasının üstünlüyü ilə başa çatdı. 1828-ci ilin 10 fevralında Təbriz yaxınlığındakı Türkmənçay kəndində daha bir müqavilə imzalandı və bununla da Arazın şimalındakı bütün xanlıqlar Rusiya imperiyasının tərkibinə verildi.

Bu müqavilələrlə ermənilərin Qafqaza köçürülməsinə də başlanıldı ki, bu da sonrakı dövrlərdə xalqımızın başına müxtəlif müsibətlərin gətirilməsi ilə nəticələnəcəkdi.

Bu gün nə çar Rusiyası, nə də Qacar dövləti var. Belə halda müqavilələrin qüvvəsi barədə sual yaranır.

Bəzi mənbələrdə bu müqavilələri imzalayan tərəflərdən biri kimi İran adı çəkilir ki, bu da doğru yanaşma deyil. Çünki İran dövləti anlayışı çox sonraya aiddir.

Bu bölünmədən sonra aradan uzun illər keçsə də, Şimali Azərbaycanda dövlət quruldu. 1918-ci ildə. Amma Cənubi Azərbaycanda bu, mümkün olmadı.

Cənubi azərbaycanlılar bir neçə dəfə öz milli hökumətlərini yaratmağa cəhd etsələr də, buna nail olmadılar. Üstündən müəyyən zaman keçib və indi geosiyasi vəziyyət dəyişib. İndi İranda azərbaycanlıların keçirdikləri aksiyalarda bu şüar tez-tez eşidilir: “Azadlıq, ədalət, milli hökumət”.

Tehranın böyük narahatlığının və son dövrlər müşahidə olunan açıq-aşkar düşmənçilik siyasətinin arxasında da məhz bu amil dayanır. İran Azərbaycanın hərbi, siyasi, iqtisadi qüdrətindən və bu amillərin ərazisində yaşayan 35 milyonluq xalqa təsirindən qorxur.