• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 24.10.2022 21:17

İşini asanlaşdırmaq istəyənlərə səyyar xidmət

KepezTV Player

Ölkənin bir çox yerlərində Asan Xidmət mərkəzləri olsa da, elə rayonlar var ki orada xidmət səyyar formada təşkil olunur. Hazırda Qazaxda olan Səyyar Asanın avtobusu da xidmətin əlçatanlığını təmin etməyi hədəfləyib. Dövlət qurumlarının təklif etdiyi xidmətlərdən qarşıdakı sujetdə tanış olacaqsınız.

Səyyar Asan oktyabrın 6-dan Qazaxdadı. Dövlət xidmətlərini vətəndaşlara rahat, yeni və innovativ üsullarla təqdim edən xidmətə kifayət qədər maraq var. Gün ərzində bu rayonda 200-dən çox sakin Səyyar Asanın xidmətlərindən yararlanır. Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi kimi xidmətlər qazaxlılar üçün əlçatan edilib. Başqa rayona getmədən işlərini aşıran ölkənin ən qərbindən olan vətəndaşlar daha  çox Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin xidmətlərindən istifadə ediblər.

Səyyar Asanın  rayonlara səfərləri zamanı könüllülük fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Əsas işləri vətəndaşlara köməklik göstərmək olan  gənclər Qazaxda yerləşən kolleclərin tələbələridir.

Sakinlərin işini asanlaşdırmaq üçün Səyyar Asan hələ 10 gün də Qazaxda olacaq. Bu günədək xidmətə təxminən 2000-ə yaxın müraciət daxil olub.

Səyyar Asan bu il ərzində iki dəfədir ki, Qazaxdadır. Noyabrın 4-dək bu rayondan olan sakinlərə xidmət göstərəcək qurum növbəti dəfə Göygölə səfər edəcək.