• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2345
— 23.10.2022 20:06

“Traktor” ədalətsizliklərə qarşı xalq mübarizəsinin özüdür

KepezTV Player

Hər bir xalqın tarixində mübarizə, azadlıq simvolu olan qəhrəmanlar var. Amma bəzən bu cür dəyər yalnız görkəmli şəxsiyyətlərə yox, həm də məsələn dağa, qalaya və s. xüsusi məkan olaraq tanınan yerlərə verilir. Uzun illərdir ki, Arazın o tayında əsarətində altında yaşayan, dilindən, tarixi keçmişini öyrənməkdən, azad yaşamaqdan, bir sözlə bütün hüquqlardan məhrum olan güneyli azərbaycanlıların da artıq bir müddətdir ki, mübarizə rəmzinə çevrilən “Traktor” adlı futbol klubu var. Cənubi azərbaycanlılar öz şirin ləhcələrində komandanı "Tirəxtur" deyə çağırırlar. Azad Rəfi bu klubun hansı dəyərdə olduğuna diqqət çəkmək istəyir.

Güneydəki həmyerlilərimiz üçün “Traktor” sadəcə klub deyil, oradakı azərbaycanlılara görə bu komanda bütün ədalətsizliklərə qarşı xalq mübarizəsinin özüdür. Yerli rejim tərəfindən azadlığı əlindən alınan, qadağalarla üz-üzə qalan çoxmilyonlu soydaşımızın haqq səsidir. Təbrizi təmsil edən klubun ev oyunlarında minlərlə azarkeş futbola baxmaqla kifayətlənməyib, onlara verilən tribunadan istifadə edib ümummili problemləri dilə gətirir, haqsızlıqlara qarşı etiraz dalğası yaradır, haqq səslərini ucaldırlar. Stadionda "Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun" kimi səslənən şüarlar ürək yanğısını dilə gətirənlərin sədasıdır.

Stadionda doğma dildə təhil almaq kimi ən ümdə məsələyə diqqət çəkən soydaşlarımız türk olmaqları ilə fəxr etdiklərini daim dilə gətirir,  Cənubi Azərbaycanın simvollarından biri sayılan Urmiya gölünün get-gedə qurumasına narazılıq bildirir, hakimiyyətdən bu yöndə tələblərini edirlər.

“Cənubi Azərbaycan İran deyil” oyunların birində bu pankartı açan güneyli qardaşlarımız zaman-zaman stadiondan şimaldakı həmyerlilərinə dəstək veriərək Xocalı faciəsinin qurbanları anıb, Qarabağ məsələsində həmfikir olduqlarını bildiriblər.

“Traktor”a bəslənən hədsiz sevgi, klubun azadlıq simvolu səviyyəsində formalaşması şübhəsiz ki, yuxarı dairələrin maraqlarına ziddir və bu qıcıq yaradır. Odur ki, süni maneələrlə klubun qarşısına sədd çəkilir, uğur pilləkənini addımlaması əngəllənir, komandanın əsas titulu qazanması yolunda futboldankənar müdaxilələr edilir. Beləliklə də “Traktor”un ən güclü silahı olan azarkeşlərin çempionluq arzusunun həyata keçməsinə imkan verilmir.

“Traktor”da yaşadığımız Azərbaycandan olan məşqçilər də işləyib, futbolçular da oynayıb. Onlardan biri “Kəpəz”in sabiq üzvü Adil Şükürov deyir ki, cənubda özlərini yad yerdə və yad insanların arasında yox vətəndəki kimi hiss ediblər.

Azarkeş sayına görə Türk dünyasının ən böyük futbol klubu sayılan “Traktor” cənubdakı soydaşlarımızın ümid çırağıdır. Tək güneydəkilərinmi? Yox, həm bu taylı, həm də bütün dünyaya səpələnmiş azərbaycanlıların.