• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 22.10.2022 20:09

İranın türk xofu

KepezTV Player

Müsəlman olmaq başına əmmamə qoyub saqqal saxlamaqla deyil. Heç ölkənin adının yanına islam kəlməsini yapışdırmaqla da deyil. Müsəlman olmaq islam kimi mötəbər dinin sülh, ədalət, bərabərlik kimi yüksək əxlaqi dəyərlərinə sahib olmaq, onları qoruyub yaşatmaqdır. Üzü cənuba baxanda çox təəssüf ki, bunları görə bilmirik. Yoxsa Azərbaycanın Cənubi Qafqaz bölgəsinə sülh gətirmək istəyini hər vəchlə pozmağa çalışmalarını necə izah etmək olar?

Ermənistanla Azərbaycan arasında sıx dialoqun yaşandığı, kommunikasiyaların açılmasına, sülh müqaviləsinin imzalanmasına doğru inamlı addımların atıldığı bir dönəmdə İran Araz sahillərində təlim keçirməklə suları bulandırmağa çalışır. Maraqlıdır, Tehranı narahat edən nədir? Zəngəzur dəhlizinin açılması? Axı Türkiyə prezidenti Cəbrayılda bu məsələyə açıq şəkildə aydınlıq gətirdi.

Yəni, Zəngəzur dəhlizindən elə İran özü də faydalana biləcək. Tehran bəlkə narkotik qaçaqmalçılığı üçün birbaşa yolun bağlanmasından narahatdır? İranın Ermənistanla birbaşa əlaqəsi kəsildiyi halda islam ölkəsi haram pullardan məhrum olacaq. Yoxsa İranı hansı maraq Ermənistana bu qədər bağlayır? Bəli, maraq. Çünki İslamın dəyərlərinə naxələf çıxan İran üçün ermənilərin hansı dəyəri ola bilərki? Ümumiyyətlə İran üçün dəyər anlayışı varmı? Bağrına basdığı, siyasi-iqtisadi, humanitar dəstək göstərdiyi ölkə məscidlərdə donuz saxlayan Ermənistan deyilmi?

Bəlkə İran türk dövlətlərinin birliyindən də narahatdır. Xain xoflu deyilsə, müsəlman müsəlmandan niyə qorxmalıdır ki? Məsələn biz, nə İranın təlimlərindən narahatıq, nə Qafanda suvağı qurumamış binada konsulluq açmasından, nə də məsuliyyətini dərk etmədən verdikləri bəyanatlardan. Çünki Azərbaycanın yolu haqq yoludur, əməli saf, istəyi sülhdür. O sülh ki, ondan hələ heç kim ziyan görməyib.