• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2146
— 09.10.2022 20:08

Amil Həmzəyev gələcək karyerası ilə bağlı nə düşünür?

KepezTV Player

Basketbol üzrə milli komandanın şərəfini qorumaqla yanaşı Azərbaycanı əcnəbi klublarda təmsil edən bir sıra oyunçular olub. Amil Həmzəyev də legioner həyatı yaşayan azsaylı basketbolçulardandır. Hazırda karyerasını ölkədə davam etdirən tanınmış oyunçu gələcək karyerası barədə televiziyamıza danışıb.

32 yaşlı basketbolçu 2015-ci ildən başlayaraq müxtəlif ölkələrdə xarici klubların şərəfini qoruyub. O ilk olaraq Ukraynanın Kremen komandasında çıxış edib. Kremençuk  kollektivindən sonra Amil Moldovaya transfer olunub. Bu ölkənin “Rıbnitsa” klubunun uğurları üçün çalışan mərkəz oyunçusu bu komanda ilə bürünc medal və kuboka yiyələnib. 2019-cu ildə  “Rıbnitsa” ilə müqaviləsi başa çatdırqdan sonra isə Həmzəyev vətənə dönüb. Yetirməsi olduğu “Gəncə” komandasnın forması ilə Azərbaycan çempionatında mübarizə aparan basketbolçu pandemiya səbəbindən yarımçıq dayanan yarışda bürünc mükafatla kifayətlənib. Nizami yurdunun kollektivinin heyətində növbəti Azərbaycan çempionatına hazırlaşan oyunçu hələlik ölkə xaricinə yollanmağı düşünmür.

Təcrübəli basketbolçu gələcək planlarından da bəhs edib. Qarşıdakı bir neçə ildə də oyunçu kimi karyerasını davam etdirəcəyini deyən Amil daha sonra çıxış etdiyi “Gəncə” komandasında və ya federasiyada hər hansı bir vəzifədə çalışmağı hədəfləyir

16 yaşında əsas milliyə seçilən Amilin seçmə komandada əsas uğurları basketbolun 3-ə 3 növündədi. Gəncəli oyunçu gələcəkdə seçim qarşısında olarsa, ənənəvi basketbola üstünlük verəcəyini söyləyib.

Amil Həmzəyev yığma komanda ilə birgə 2017-ci il Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının qalibi, bu il Türkiyənin Konya şəhərində təşkil edilən anoloji yarışın isə gümüş mükafatçısı olub.