• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2474
— 06.10.2022 20:31

Edillidə kütləvi məzarlıq aşkarlanması dünya mediasında

KepezTV Player

Əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş daha 12 insanın qalıqları. Hərbçi olduqları müəyyən edilən bu şəxslərin cəsədləri üzərində zorakılıq faktları aşkarlanıb ki, bu da azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirildiyini göstərir. İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə kütləvi məzarlıq aşkarlanması dünya mediasının da diqqətini çəkib. Müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində bu barədə materiallar yayımlanıb.

Birinci Qarabağ müharibəsi dövründə itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı məlumat verilməsi üçün dəfələrlə Ermənistan tərəfinə çağırışlar edilsə də, qarşı tərəf törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb. Ermənistanın bu cinayət əməllərinə beynəlxalq qurumlar heç bir reaksiya verməsə də, Edillidə növbəti kütləvi məzarlığın tapılması dünya mediasının gündəmində yer alıb.

Haqq mübarizəsində daim Azərbaycanın yanında olan qardaş Türkiyənin  KİV-i sözügedən xəbərə geniş yer verib. Haber Global telekanalı Edilli kəndinə xüsusi müxbirini ezam edərək ərazidən geniş reportaj yayımlayıb.

Müxbir Murat Karataş reportajında Edilli kəndinin 30 il erməni işğalında qalması barədə məlumat verir, burada bu ilin fevralında ilk kütləvi məzarlığın tapılmasından, bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyindən bəhs edir. Videomaterialda qalıqları tapılan 12 şəxsin kimliyinin müəyyən olunması işinin böyük səy tələb etdiyi vurğulanır.

Qardaş ölkənin TRT, TGRT telekanalları, Anadolu, İHA agentlikləri də Edillidə Azərbaycan hərbçilərinin qətlə yetirilərək kütləvi basdırıldığı məzarlığın tapılması barədə məlumatlar, videogörüntülər yayımlayıb, Azərbaycan rəsmilərinin açıqlamalarını izləyicilərinə təqdim edib.

Sözügedən xəbər “Qarabağda azərbaycanlılara aid yeni bir kütləvi məzarlıq aşkarlandı” başlığı ilə Türkiyənin “Milliyet”, “Star”, “Vətən” kimi nüfuzlu qəzetlərinin səhifələrində, eləcə də elektron resurslarında da yer alıb.

“Əl-cəzirə” isə izləyicilərinə Prezidentin köməkçisi Hikmət Hacıyevin tviter paylaşımından sitat gətirilərək Birinci Qarabağ müharibəsində 4000 Azərbaycan hərbçisi və mülki şəxsinin itkin düşdüyünü vurğulayıb. Ermənistanın kütləvi məzarlıqların yerlərini açıqlamaqdan imtina etdiyi xatırladılır.

İspaniyanın dünyaca məşhur EFE agentliyi də Edillidəki məzarlıqla bağlı material dərc edib. Yazıda “Kütləvi məzarlığın bu yaxınlarda aşkarlanması Dağlıq Qarabağda ilk müharibədə itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün daha bir addımdır” deyə qeyd olunur.

“News7d” xəbəri yayımlayaraq yazır ki, Edillidə 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı erməni separatçıları tərəfindən azərbaycanlı əsgərlər edam edilərək kütləvi şəkildə basdırılıblar.

Nüfuzlu “The Sun daily” də Edilidə kütləvi məzarlıq tapılması barədə xəbəri auditoriyasına çatdırıb. Bu ilin fevralında ərazidə daha bir kütləvi məzarlığın aşkarlandığı da qeyd edilir.

Edillidə kütləvi məzarlığın tapılması barədə inversezone.com saytı, İsveçrənin swissinfo.ch, Moldovanın Dosar Media kimi platformaları da öz auditoriyasını məlumatlandırıb.