• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1338
— 29.09.2022 09:55

Prezident və Birinci xanım Şuşada yeni inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada aparılan tikinti bərpa işləri ilə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq.

Ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq.

Dövlət başçısı və birinci xanım Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə maraqlanıblar. 1970-ci illərdə inşa edilən binada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var.

Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə də tanışlıq olub.Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb. Bulaq istifadəyə verilib. İşlərin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Prezident və birinci xanıma təmir və bərpa edilən hoteldə görülən işlərlə tanış zamanı bildirilib ki, Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur. Bu binalar işğal zamanı dağıdılaraq istifadəyə yararsız hala salınıb. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaq. Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Şuşada 1 saylı tam orta məktəbin binasının tikintisi sürətlə davam etdirilir. Ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanılıb. Məktəb 960 şagird yerlikdir.

Prezident və birinci xanım Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında bərpa işlərinin gedişi ilə də maraqlanıblar.