• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 27.09.2022 20:00

Anım günü qürurlu və fəxarətliyik

KepezTV Player

Azərbaycanda anım gününün qeyd edilməsi 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə ehtiram, hörmət əlaməti olmaqla yanaşı, həm də onların xalqın necə qürur yerinə çevrilmələrinin, torpaqlarımızın azadlığı uğrunda necə qəhrəmanlıq nümayiş etdirmələrinin göstəricisidir. Uzun illər həsrəti ilə yaşadığımız işğal altındakı ərazilərimizin əsarətdən qurtulmasında canlarını əsirgəməyənlər, milyonların sevimlisi olanlar özləri şəhadətə ucalsalar da ailərinə, yaxınlarına, cəmiyyətə böyük zəfər hissi daddırdılar.

Vətən müharibəsi dövründə düşmənlə üz-üzə dayanaraq böyük ruh yüksəkliyi, şücaətlə vuruşaraq torpaqlarımızı qarış-qarış azad edən, adını tarixə yazdıran, sanki erməni ordusunun üzərinə gedərkən toya gedirmiş kimi nəğmələr oxuya-oxuya, gülə-gülə, şənlənə-şənlənə irəli atılan igidlərimiz arasında  ali zirvəyə ucalan kifayət qədər gəncəli hərbçilər, könüllü vuruşan cəngavərlər var. Onların sırasında qorxu bilmədən düşmənin üzərinə yeriyənlərdən biri Rauf Əsgərovdur. Döyüşlərin Füzuli istiqamətində şəhidlik zirvəsinə yüksələn və şəhadət üçün can atan igid bu gün ailəsinin qürur yerinə, övladlarının qəhrəmanına çevrilib.

2-ci Qarabağ müharibəsində Gəncədən şəhidlik zirvəsinə qalxanlar arasında gənclər çoxluq təşkil edirdi. Müharibə başlayanda hərbi xidmət olan və düşmənin gözünün içini bax-baxa səngərinə atılan Ağamirzə Quliyev isə Xocavəndin işğaldan azad olunmasında pay sahibi olub. Anım günü onun məzarını ziyarətə gələn atası bu günü həm də milli qürur günü kimi qeyd edir.

Vətən müharibəsində yalnız hərb meydanında döyüşlər getmirdi, həmçinin cəbhədən xeyli aralıda yerləşən şəhər və kəndlərimiz kimi Gəncə də raket atəşinə məruz qalırdı və günahı olmayan mülki əhali  düşmən tərəfindən qətlə yetirlirdi. Dürrə Cəfərova da erməni terroru nəticəsində Nizami yurdunun mülki şəhidlərindəndir. Şəhidin oğlu düşmənə qarşı döyüşənlərin qəhrəmanlığına dözə bilməyən düşmənin mülki şəxsləri hədəf almasını ordumuzda ruh düşgünlüyü yaratmadığı, əksinə daha böyük qüvvə ilə irəliyə atılmaları, qisas almaları ilə nəticələndiyini bildirir.

Zəfərimiz ordumuzun, igid hərbçilərimizin, qazilərimizin, şəhidlərimizin sayəsində əldə olunub. Onun üçün bizə qələbə duyğusu yaşadanları anmaq hər bir Azərbaycan vətəndaşının ən birinci vəzifəsi olmalıdır. Biz xalq olaraq 27 sentyabr Anım gününü gələcək nəsillərə qəhrəmanların yazdığı zəfər tarixi, çaldığımız qalibiyyət, ən əsası vətən yolunda canından keçənlərin igidliyi ilə ötürürük.