• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 23.09.2022 19:32

Yaşı 40-dan çox olan avtobuslarla daşınan canlar

KepezTV Player

Sınıq-sökük, salonu bərbad, istifadəyə yararsız olan avtobuslar. Elə avtobuslardan da geri qalmayan sərnişinlər üçün gözləmə zalı. Gəncəyə yaxın rayon və kəndlərə gedən sərnişinlərin gündəlik rastlaşdıqları mənzərənin ən yumşaq vəziyyətdə ifadəsi. Axı nə vaxta qədər bu xoşagəlməz halın davam edəcəyi ilə əməkdaşımız Elnur Vahidoğlu maraqlanıb.

Gəncə Beynəlxalq Avtovağzalından hər gün Respublikanın 50-ə yaxın şəhər, rayon və kəndinə avtobus və mikroavtobuslarla sərnişin daşınır. Onların sırasında iritutumlu müasirləri də var, orta tutumluları da. Amma 12 rayon və kəndin sakinlərinin bəxti bu sarıdan heç gətirmir. İstismar müddətini başa vuran, təhlükəsizlik baxımından tələblərə cavab verməyən, içərisindəkini toz-torpağa qərq edən avtobuslarla mənzil başına gedib-gəlmək məcburiyyətində qalanlar yolu Goranboy rayonuna düşənlərdir.

Ətraf rayonlara işləyən avtobuslardan biri də bu avtobusdur. Avtobus Goranboy rayonun Nizami kəndinə sərnişin aparır. Təxminən 40 ilə yaxındır ki, işləyən bu avtobus istismar müddətini başa vurub. Oturacaqlar dağılıb, salon isə bərbad vəziyyətdədir.

Ötən əsrin 70-80-ci illərinin istehsalı olan “Paz”ların çətin tapılan ehtiyyat hissələri, ömrünü başa vuran hissələrinin bərpası çətinlik yaratdığından sürücü və sərnişinləri lap təngə gətirib.

Gəncədən Samux istiqamətinə üz tutanların da aqibəti eynidir. Bu avtostansiyadan da mənzil başına köhnə avtobuslarla getmək məcburiyyətində qalanlar möcüzəyə ümid edirlər.

Bura Samux rayonuna gedən sərnişinlər üçün gözləmə zalıdır. Ötən əsrin 70-80-ci illərində tikilən bu bina olduqca bərbad vəziyyətdədir. Məhz elə buna görədə sərnişinlər bu gözləmə zalından istifadə etmirlər.

Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Goranboy və Samux rayonlarına xidmət edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsi tərəfindən mövcud vəziyyət köklü problem kimi dəyərləndirilir. Amma həlli mümkün hesab edilən məsələnin tənzimlənməsinin nə vaxta çəkəcəyi dəqiq bilinmir.

İllərlə yığılan problemin qarşıdakı neçə ilə həll olunacağı dəqiq bilinmədiyi kimi istismara yararsız nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək qəzalardan da kimsənin sığortalandığı demək çətindir. Odur ki, məsələnin tez bir zamanda həlli rahat və təhlükəsiz hərəkəti təmin etməklə estetik baxımdan da gözə oxşaya bilər.

 

Elnur Vahidoğlu