• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 23.09.2022 19:50

“ƏDV geri al” vətəndaşlara 306 milyon qazandırıb

KepezTV Player

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən tətbiq edilir. Həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda 1,9 milyona yaxın istifadəçi qeydiyyatdan keçib. Gələn ildən isə Vergi Məcəlləsində qaytarılan ədv faizinin artırıması üçün dəyişiklik ola bilər.

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabr ayına qədər istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust aylarında isə 303 milyon 851 min 384 cek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeydə alınan dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 % çoxdur. Bu həm satış əməliyyatlarının uçotunun aparılması, həm də istehlakçı hüquqlarının qorunması üçün müsbət haldır.

Bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur.

Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər. Həmçinin satıcı və yaxud xidmət göstərən tərəf ƏDV ödəyicisi olmadıqda da imtina halları müşahidə olunur.

Gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur. Bu fikir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında vurğulanıb. Bildirilib ki, Azərbaycanda aldığı malın dəyərini nağdsız qaydada ödəyənlərə ƏDV-nin 15%-i deyil, 20%-i geri qaytarıla bilər. Faiz nisbətini dəyişməklə məqsəd nağdsız ödənişləri, istehlakçıları stimullaşdırmaqdır.