• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 19.09.2022 20:07

Mövqesiz siyasətdən, “mövqeli” yaradıcılığa

KepezTV Player

Ümumiyyətlə, Azərbaycan – Ermənistan sərhəddindəki düşmən təxribatından sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və orada ölkəmizə qarşı səsləndirdiyi fikirlər heç də birmənalı qarşılanmadı. Azərbaycanı münaqişədə təqsirləndirən bu xanım diplomatın səfəri və dediyi sözlərə siyasətçilər və politoloqlar da öz münasibətlərini bildiriblər. Daha ətraflı qarşıdakı sujetdə.

Nensi Pelosi ABŞ-ın bütün dünyadakı münaqişə ocaqlarına nüfuz etməsində rol alan siyasətçilərin başında gəlir. Daim öz siyasi ambisiyaları və lobbi maraqlarına xidmət edən fəaliyyəti, regionda gərginlik yaratması ilə tanınan ABŞ-ın nümayəndəsi Ermənistana səfər etməklə onsuzda Azərbaycanda aşağı olan nüfuzunu daha da zəiflətdi. Bu səfər zamanı sərhəddəki təxribata reallığa uyğun olmayan formada don geyindirən Pelosinin Ermənistanı müdafiə etməsi və Azərbaycanı günahlandırmasını qəbuledilməz sayan gəncəli millət vəkili Naqif Həmzəyev xanım diplomatın düşüncələrinin əksinə düşmən tərəfindən törədilən təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid edildiyi və yaralandığı ifadə edib.

Parlamentin üzvü qeyd edib ki, əslində bu səfər heç də düşünüldüyü kimi sərhəddəki təxribatla bağlı deyil, qarşıda ABŞ-da baş tutacaq parlament seçkilərində Pelosi erməni lobbisinin dəstəyini qazanmaq üçün bunu edib.

Səfər əsnasında Nensi Pelosi qondarma erməni soyqırımı abidəsini də ziyarət etdi. Burada ən diqqətçəkici məqam ABŞ nümayəndəsinin guya ermənilərin halına acıyaraq göz yaşlarına boğulması idi. Mənəviyyat, yaradıcılıq və müdriklik rəmzini xarakterizə edən bənövşəyi rəngli libasda Ermənistana səfər edən Pelosinin timsah gözyaşları əslində çox şeyi deyirdi. Görünən odur ki, xanım siyasətçi bu rəngi tərənnüm edən əlamətlərdən yalnız yaradıcılıqdan bəhrələnib. Əks halda kövrəlib ağlaması bu qədər ikrah və gülünc vəziyyət yaratmazdı.

Bu səfəri həm də Ermənistanın Rusiyaya xəyanəti kimi qiymətləndirmək olar. Qərbə meyllənən Nikol Paşinyan indi də ABŞ kimi havadara arxalanaraq elə düşünür ki, istəyinə nail ola biləcək. Halbuki gələcək göstərəcək ki, yürüdülən yanlış siyasət Ermənistanı uçuruma sürükləyir. Bunu Nensi Pelosinin səfərini təhlil edərkən də sezmək olar. Politoloq Tofiq Abbasov səfərə münasibət bildirərkən qeyd etdi ki, ABŞ Ermənistandan İrana qarşı planı üçün istifadə edir.

Nensi Pelosi hara gedirsə getsin orada mütləq şəkildə gərginlik və narazılıqlar yaranır. Bunu tarixə nəzər saldıqda da görmək mümkündür. Belə ki, onun cari ilin avqustun 3-də Tayvana səfəri böyük səs-küyə səbəb olmuşdu.

Nensi Pelosinin Azərbaycan – Ermənistan sərhəddindəki təxribata bəraət qazandırmaq qarşısına qoyulmuş bir vəzifəydi və onun bu cəhdi heç də uğurlu alınmadı. Ona görə ki diplomat riyakarlıq nümayiş etdirdi və həqiqətləri olduğu kimi təqdim etmədi. Pelosinin demoktiyadan dəm vurması, amma realda ədalətsiz mövqe tutması İrəvan səfərini kölgə altına saldı və ermənipərəst siyasətçi kimi həqiqətə sığmayan düşüncələrlə Ermənistana dəstəyini açıq formada ortaya qoydu.