• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 19.09.2022 12:27

"Kəpəz"dən ilk qalibiyyət

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Son oyun günündə 2 matç baş tutub.

Qapanış günü autsayderlərin duelində “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edib. Bu oyundək 6 turun hamısında məğlub olan gəncəlilər qarşılaşmaya 3 xal üçün çıxıb. Ancaq ev sahibləri qarşılaşmanın əvvəlində hesabda geriyə düşüblər. 5-ci dədiqəqədə Nihad Quliyev küncdən havalandırılan topu başıyla tora salaraq komandasını önə keçirib. Buna baxmayaraq Gəncə təmsilçisi sonradan iki top vurmağı bacarıb. Fasilədən ardından irəli atılan sarı-göylər 47-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Ahmed Ayzaya dəqiq zərbəylə status-kvonu bərpa edib. 60-cı dəqiqədə isə Tərlan Əhmədovun yetirmələrindən Abdullahi Şuaybu diqqət mərkəzinə düşüb. Künc zərbəsinin davamında nigeriyalı legioner başıyla fərqlənərək tablodakı rəqəmləri Kəpəzin xeyrinə dəyişib. 2:1 Hesabı sonadək qoruyan sarı-göylər bu mövsüm ilk qələbələrini qazanıblar. Aktivinə 3 xal əlavə edən Nizami yurdunun komandası turnir cədvəlində Sumyaqıtla eyni xala malik olsa da, əlavə göstəricilərdə gənclik şəhərinin kollektivini qabaqlayaraq 8-ci pilləyə qalxıb.

Həftənin axırıncı görüşdə son çempion “Qarabağ” Zirənin qonağı olub. Oyun ağdamlılar üçün yaxşı başlamayıb. Ev sahiblərindən Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənərək qonaqları yenik duruma salıb. Amma köhlən atlar ilk yarının sonuna az qalmış hesaba tarazlıq gətirə biliblər. Toral Bayramov qapıya düşərək bərabərliyi təmin edib. İkinci hissədə oyunu tamamilə ələ alan Qurban Qurbanovun komandası rəqibi meydana çıxmağa peşman edib. 56 və 60-cı dəqiqələrdə Musa Qurbanlı adından söz etdirərək Qarabağı irəli çıxarıb. 64-cü dəqiqədə bu dəfə Kadi Borges yumşaq mərmini çərçivədən keçirərək meydan sahiblərini məyus edib. 4 dəqiqədə sonra Ramil Şeydayev də qol vuranların sırasına qoşularaq hesabı biabırçı həddə çatdırıb. 5:1 Bu qol da oyunda sonuncu olmayıb. Gecənin qəhrəmanına çevrilən Musa Qurbanlı 79 və 85-ci dəqiqələrdə yenidən diqqətlərin üzərinə toplayaraq həm poker edib, həm də komandasının 1:7 hesablı darmadağın nəticəylə qalibiyyətində əsas pay sahibi olub. Bu qələbəylə xal ehtiyatını 18-ə yüksəldən Qarabağ 1 oyun az keçirməsinə baxmayaraq ilk sıradakı mövqeyini qoruyub.