• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 15.09.2022 20:31

Goranboy və Tovuzdan olan şəhidlər son mənzilə yola salındılar

KepezTV Player

Şəhid Ümid İmamquliyev dəfn olundu

12 və 13 sentyabr düşmənin Laçın, Kəlbəcər, Zəngilan və Daşkəsən istiqamətləri üzrə düşmənin təxribatının qarşısının alınması zamanı Goranboy rayonundan olan şəhid Ümid İmamquliyev doğulduğu Qaradağlı kəndində dəfn olunub. 19 yaşılı şəhidlər vida mərasimində rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. Kəlbəcərdə şəhid olan hərbçimiz kənd qəbiristanlığında torpağa tapşırıldıqdan sonra üçrəngli bayraq atasına təqdim olunub, dövlət himni səslənib və havaya yaylım atəşi açılıb.

Şəhid Səfiyar Məmmədov son mənzilə yola salındı

Düşmənin genişmiqyaslı təxribatı nəticəsində şəhidlik zirvəsinə yüksələn Goranboydan olan digər hərbçi Səfiyar Məmmədov da yaşadığı Qızılhacılı qəsəbəsində son mənzilə yola salınıb. Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu olan Səfiyar da Kəlbəcər istiqamətində ali zirvəyə ucalıb. O, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Səfiyar Məmmədov Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyə   Cümhuriyyətinin “Yurdda sülh, cahanda sülh” medalı ilə də mükafatlandırılıb.

Vətən oğlu torpağa tapşırıldı

Arzusu aldığı əmək haqqı ilə ailəsinə yaxşı şərait qurmaq, onlara övladlıq borcunu layiqincə yerinə yetirrmək idi. Tovuz rayonunun Çeşməli kəndinin 25 yaşlı şəhid hərbçisi Hüseynov Səddam Rafiq oğlu iki ilə yaxın idi ki ordu sıralarında xidmət edirdi. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu bu müddətdə verilən tapşırıqları layiqincə yerinə yetirib. Sonuncu dəfə Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən ali məqama, şəhadətə ucalıb. Şəhid hərbçimiz doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında son mənzilə yola salınıb. Şəhidimizlə vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qaziləri iştirak ediblər. Səddam Hüseynov ailənin böyük övladı olub. Subay idi. Allah rəhmət eləsin!