• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2437
— 03.09.2022 21:03

Gəncədə təhlükə yaradan ağaclar kəsilir

KepezTV Player

Qəzalı vəziyyətdə olan, yaşayış binalarının üzərinə aşmaq təhlükəsi yaradan, eləcə də sakinlərin hərəkəti üçün mane yaradan ağaclar. Gəncənin küçə və prospektlərində yaranan bu problemlərin aradan qaldırılması üçün işlərə başlanılıb. Proses sakinlərin müraciəti əsasında Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin mobil qrupu tərəfindən həyata keçilir. Bu ay ərzində Gəncədə 30-a yaxın qəzalı vəziyyətdə olan və insanların həyatı üçün təhlükə yaradan iri ağacların olması ilə bağlı Gəncə şəhər Yaşıllaşdırma şöbəsinə ərizə ilə müraciətlər edilib. Edilən müraciətlər əsasında təyin olunan qrafiklə həmin ağacların kəsilməsinə başlanılıb. Yaşıllaşdırma şöbəsinin mobil qrupu hazırda şəhərin Rəmziyyə Veysəlova küçəsində həmin iri gövdəlilərin kəsilməsini, həmçinin budanmasını həyata keçirir. Su arxının kənarında olan qovaq ağacları yaxınlıqda olan evlərin üstünə aşmaq təhlükəsi yaradır. Bu da şübhəsiz ki, sakinləri narahat edir.

Rəbiyyə Əliyeva - sakin: Həyat yoldaşım birinci Qarabağ müharibəsində torpaqların alınmasında şəhid olub. Sadılı qəsəbəsi, Rəmziyyə Veysəlova küçəsi ev 14 ünvanında yaşayıram. Bu ağaclar çox təhlükəli idi. Təhlükəli ağac olduğuna görədə ərizə ilə müraciət elədim. Sözümü yerə salmayıb gəlib təmizləyirlər.

Adətən bu cür təhlükə yaradan ağaclar sərv, qovaq eləcə də digər kövrək olan ağaclardır. Həmin növ ağacların külək əsəndə aşmaq ehtimalı daha çox olur. Bu ağacların müraciətlər əsasında digər ərazilərdə də mütamadi olaraq kəsilməsi işləri həyata keçirilir.

Elmir Əzizov - Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin  sahə rəisi: Hər hansı bir ağacın budanması, dibindən kəsilməsi və yaxudda xəsarət yetirilməsi cərimədir. Ona görədə Kəpəz və yaxudda Nizami Bələdiyyələrinin ərazisindədirsə onlara yazılı şəkildə müraciət edilərək ərizə yazılır. Həmin ərizə əsasında bizim tərəfindən ekalogiyya idarəsinə yönləndirilir. Onlar gəlib baxır, foto şəkil çəkir. Ekalogiyyanın rəyi əsasında həmin məktublar bizə göndərilir və bizdə icra edirik. Mütamadi olaraq bizə Şah İsmayıl Xətai, Nəriman Nərimanov prospekti, Sadılı qəsəbəsində yaşıyan vətəndaşlar müraciət edirlər. Biz də gedib icra edirik. Müraciət edirəm ki, qeyri qanuni ağacların kəsimi qəti qadağandır. Bu cinayət işidir. Təbiəti qorumaq lazımdır. Bizə müraciət etsinlər, ağaclar həqiqətən də problem yaradırsa biz o problemləri aradan qaldıracağıq.

İlin əvvəlindən indiyə kimi Gəncədə sakinlərin müraciəti əsasında şəhər Yaşıllaşdırma şöbəsinin mobil qrupu 300-ə yaxın quruyan və təhlükəli olan ağacları kəsib. Ağacların kəsilməsi isə onun növünə, yaşına eləcə də quru olub olmamasına görə müəyyən edilərək təyin edilir. Qanunvericiliyə uyğun olaraq ağacı fərdi kəsənlər inzibati qaydada 3-10 min manat arası, hüquqi şəxlər isə 20 min manata qədər cərimə olunur.

Elnur Vahidoğlu