• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 22.08.2022 19:19

Prezidenti və birinci xanım idmançılarla görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edərək idmançıların Konyadan Vətənə böyük qələbə ilə qayıtdıqlarını bildirib. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırdıqlarına görə onları təbrik edib.

İlham Əliyev - Azərbaycan Prezidenti: Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır. V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər. Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib.

Həmrəylik Oyunlarının artıq tarix olduğunu, idmançılarımız bu medalları qürur hissi ilə daşıyacaqlarına əminliyini ifadə edən Azərbaycan Prezidenti bildirib ki, indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır.

İlham Əliyev - Azərbaycan Prezidenti: Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var. Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir.

Dövlətimizin rəhbəri qarşıdakı yay olimpiya oyunlarına da diqqət çəkib. Bildirib ki, oyunlara o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb, hazırlaşmaq lazımdır.

İlham Əliyev - Azərbaycan Prezidenti: Yaxın aylarda artıq hazırlığa başlamaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik. Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq.