Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.“Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar. Həmin ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə “tiryək”ə bənzər maddə və 1 ədəd “PULSAR HELİON 2” markalı termal gecəgörmə cihazı aşkar olunaraq götürülüb.
Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında da İrandan Azərbaycan istiqamətində sərhədin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd axtarışına başlanılıb. “Mercedes-Benz” markalı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmış 1 ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.
Onun məhkum olunmuş Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5780 qram psixotrop tərkibli “metamfetamin” həbləri və 695 qram “marixuana”ya bənzər narkotik maddə aşkar olunaraq götürülüb. Avtomobilin sürücüsü ərazidən uzaqlaşsa da,polis əməkdaşları tərəfindən saxlanılıb. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilib.
- Baxış: 627