• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2091
— 05.08.2022 21:13

Aşura günü hansı əməllər vacibdir?

KepezTV Player

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müraciətinə əsasən, iyulun 30-dan Məhərrəm ayı başlayıb. Məhərrəm ayının 10-cu günü - avqustun 8-də müsəlmanlar aşura mərasimini qeyd edəcəklər.Məhərrəm ayı, eləcə də Aşura günü özündə nəyi ehtiva edir? Bu ayda hansı əməllər daha çox bəyənilən və savab sayılır? Bunu əməkdaşımız Elnur Vahidoğlunun təqdim etdiyi qarşıdakı sujetdən öyrənək.

Məhərrəm ayı müsalman aləmində Əhli-Beytə ehtiram nümunəsi sayılır. Bu ay əsrlər boyu Azərbaycanda ənənəvi olaraq qeyd edilib. Aşura günü - Məhəmməd peyğəmbərin nəvəsi - İmam Hüseynin ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gündür və bu gün müsəlmanlar tərəfindən xüsusi mərasimlərlə qeyd olunur.

Azad Bayramov ADAU-nun kafedra müdiri, professor: Bu birlik ayıdır. İnsanlara bunu sövq etməlidir. Amma o cür hadisələr törətməklə, zəncir vurmaqla şəhadətə qovuşmuş şəhidlərimizin ruhuna o qədər də yaxşı təsir eləməz. Onları hörmətlə yada salıb, hörmətlə, el matəmi kimi qeyd edib və o mərasimlərdə iştirak eləməyimiz mənə elə gəlir ki, o şəhidlərin ruhuna ən böyük diqqət və qayğıdır.

Həsənbala Sadıqov  professor: Ümumiyyətlə dini kitablarda da mərasimin radikal keçirilməsi qəbul olunmur. Radikal şüarlar irəli sürsün, qılıncla, zəncirlə radikal tədbirlərin keçirilməsi qətiyyən düzgün deyil. Mən o şəkildə onu qəbul etmirəm. Mənə görə oxunmalıdır, ehsan verilməlidir, hədislər söylənməlidir, Kərbala səhnələr danışılmalıdır.

İslam dini tarixində Kərbəla hadisələri xüsusi əhəmiyyət daşıyır. Əsrlər boyu müsəlman xalqları Aşura mərasimlərinin təşkilini mənəvi borc biliblər. Bu mərasimlər İslama və onun fədailərinə ehtiram ruhunda keçirilir.

Cavid Bağırzadə GDU-nun Azərbaycan tarixi kafedrasının dosenti: Küçələrdə kütələvi şəkildə şüarlar səsləndirmək, insanların həyatına mane olmaq olmaz. Evlərdə xəstələr, qocalar, yaşlılar və körpə uşaqlar var. Təbii ki, bu insanların hüquqlarının pozulmasına gətirib çıxardır. Belə hallara yol vermək həm dini baxımdan, həm də demokratik baxımdan düzgün deyil. Gəncə əsirlər boyu İmam Hüseyin şəhəri kimi xarakterizə olunubdur. İmamzadə kompleksi var, burada da dövlətimiz müvafiq şərait yaradır. Hesab edirəm ki, bu daha yaxşı olar. Ehtiyacı olan ailələrə baş çəkmək, körpələr evinə getmək, qocalar evinə getmək, onlara Kərbala şəhidləri naminə ehsan vermək, onları yad etmək, onların qulluğunda durmaq daha vacib, daha yaxşı olar.

Tahir Abbasov Qafqaz Müsalmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi: Bütün dua etmək, ziyarət etmək azaddır. Qapılarımız hər kəsə açıqdır. Şərt o deyil ki, aşura günü gəlib ziyarət edəsiz. Siz məhərrəm ayının hər günün də İmamzadəni ziyarət edib, dua edib mərasimi keçirə bilərsiz. Həmin günü İmamzadə ziyarətgahnı iki giriş və çıxış verəcəyik. Bunun biri kişilər, biri isə qadınlar üçündür. Xahiş edirəm ki, rahat, ahəstə biri-birinici incitmiyərək ziyarətgahımıza daxil olasız. Eyni zamanda bu bütün şəhidlərimizin yasıdır. Azərbaycanımız uğrunda canını fəda edən bütün şəhidlərimiz buna daxildir. Həmin günü bütün şəhidlərin ruhu İmam Hüseyin mərasimində olacaqdır. Mən orada şəhidlərimizin adını oxuyacam.

Xalqımız hər zaman Məhərrəmlik mərasimlərini qanun çərçivəsində qeyd edib və ənəni bu gün də yaşadır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası bildirir ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyil. Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir.

Elnur Vahidoğlu