• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 21.07.2022 12:10

Reabilitasiya olunan müharibə iştirakçıları sağlamlıqlarına qovuşur

KepezTV Player

Şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək diqqət və qayğı Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Bu həssas təbəqəyə aid olan insanların problemlərinin həlli dövlət qurumlarının qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. Eyni zamanda qazilərin sağlamlığının bərpası, şəhid ailələrinin üzvlərinin və müharibə veteranlarının reabilitasiyası istiqamətində də çox mühüm işlər görülür. Tibbi prosedurların möcüzəvi neftlə aparıldığı kurort şəhəri Naftalanda da ən son tibbi avadanlıqlar və yüksək ixtisaslı peşəkar həkimlər sayəsində sağlamlığında çətinlikləri olanlar şəfa tapırlar.

Ümumilikdə, 300-dən artıq xəstənin müalicə alması üçün bütün şəraitin mövcud olduğu Möcüzəli Naftalan Sağlamlıq Mərkəzində hazırda həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçılarına və şəhid ailəsindən olan şəxslərə yüksək səviyyədə tibbi xidmət göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında buraya təyinat alan pasiyentlər əvvəlcə ümumi tibbi yoxlanışdan keçirilir və hər bir xəstəyə zəruri müalicə kursu təyin edilir. Burada Müharibə ilə əlaqədar və digər səbəblərdən əlilliyi olan şəxslərə effektiv bərpa-müalicə xidmətləri göstərilir.

Sağlamlıq Mərkəzində əsasən dayaq hərəkət sistemindən, oynaq və dəri xəstəliklərindən əziyyət çəkən xəstələr müalicə olunurlar. Bu xəstəliklərin müalicəsi üçün masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonaterapiya, hidropolonoterapiya, həmçinin möcüzəvi təsirə malik Naftalan neft vannası kabinetləri mövcuddur. Xəstələrə şəfa verən daha bir müalicə proseduru yod brom vannasıdır. Məhz Naftalan və yod brom vannaları dayaq hərəkət sistemindən, oynaq və dəri xəstəliklərindən əziyyət çəkən qazilərin sağlamlıqlarının bərpasında yüksək təsirə malikdir.

Göndəriş əsasında Mərkəzə qəbul edilən Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarının müalicəsi 14 gün davam edir.

Mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə dərman müalicəsi deyil, əsasən reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir. İmtiyazlı kateqoriyadan olan şəxslərin müalicəsi burada il ərzində ardıcıllıqla həyata keçirilir.

Sağlamlıq mərkəzi Qarabağ müharibəsi iştirakçılarının müalicəsini ən çox həyata keçirən müalicə məkanlarındandır.